Bakı, 3 fevral, AZƏRTAC
Fizioterapiya zamanı xəstələrin yaşı, əsas və yanaşı gedən xəstəliklər, yuxu rejimi, həyat fəaliyyəti, iş rejimi nəzərə alınmalıdır. Uşaq, böyük və yaşlıların fizioterapiyaya olan reaksiyaları fərqlidir. Hər yaş qrupunun xüsusi tələbləri və məhdudiyyətləri olur. Pasiyentin vəziyyəti və xəstəliyin gedişatına uyğun proqram tərtib edilməlidir. Nevroloji, ortopedik, kardiopulmonar və digər vəziyyətlərə uyğun yanaşmalar tətbiq olunur.
AZƏRTAC xəbər verir ki, bu fikirləri Səhiyyə Nazirliyi Elmi-Tədqiqat Tibbi Bərpa İnstitutunun fizioterapevti Püstəxanım Baharlı bildirib.
Mütəxəssis deyib ki, pasiyent şikayətlərlə müraciət etdikdə terapevtik, kardioloji, nevroloji, revmatoloji, endekronoloq, qastroenteroloq, LOR mütəxəssisləri tərəfindən konsultasiya olunur: “Müayinələrin nəticələrinə əsasən hər bir xəstəyə individual müalicə planı hazırlanır. Fizioterapiya təyin olunarkən, xüsusilə pediatriyada və ahıl yaşlı insanlarda fizioterapiyaya fərdi yanaşmaq lazımdır. Dozimetriya yaşa uyğun seçilməlidir”.
Fizioterapiyada mütləq yaş məhdudiyyəti olmadığını qeyd edən fizioterapevt bildirib ki, xəstənin yaşı, hazırkı vəziyyəti nəzərə alınaraq, bu və ya digər prosedurların təyinetmə zamanı dozalanma fərdi seçilir: “Ahıl yaşlı insanlara fizioterapiya təyin edilərkən, daha çox iqlim, kurort faktorları üstünlük təşkil etməlidir. Fizioterapiya təyin olunarkən, ilk növbədə xəstələrin ürək-qan-damar sisteminin fəaliyyəti nəzərə alınmalıdır, kardioloji müayinə olunması vacidir. Fizioterapevtik təyinatlar zamanı ümumi əks-göstərişlərə qanın sistem xəstəlikləri, koxeksiya, hipertoniya, baş-beyin damarlarının kəskin aterosklerozu, ürək-damar xəstəliklərinin dekonpensasiya mərhələsi, qan axma və qan axmaya meylilik, xəstənin ümumi ağır vəziyyəti aiddir. Bundan əlavə, qızdırmalı vəziyyət (bədən temperaturunun 38-dən yüksək olması), tez-tez tutmalarla müşayiət olunan epilepsiyalar, yüksək psixomotor oyanıqlıqlar, vərəmin açıq forması, bədxassəli şişlər zamanı fizioterapiyanın istifadəsi tövsiyə olunmur” - deyə o əlavə edib.