AZ

Rusiya donanmasının Sakit okeanda yerləşən korvetləri təlimlər keçirəcəklər

Rusiya donanmasının Sakit okeanda yerləşən “Rezkiy” və “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov” korvetləri uzun səyahətə çıxıblar. Gəmilər səfər zamanı Asiya-Sakit Okean regionunda sualtı axtarış və hava hücumundan müdafiə təlimləri keçirəcəklər. Gəmiləri orta dəniz tankeri “Peçenqa” müşayiət edəcək.

Herbiand.az bildirir ki, bu barədə Rusiya Müdafiə Nazirliyinin mətbuat xidməti məlumat yayıb.

Qızıl Buynuz körfəzindən Yapon dənizinə getməzdən əvvəl ekipajlar gəmilərin döyüşə və səyahətə təcili hazırlığını həyata keçiriblər. Onlar həmçinin, hava hücumundan müdafiə və simulyasiya edilmiş düşmənin pilotsuz katerlərinin hücumunu dəf etməyə hazırlıq üzrə təlimlər keçiriblər.

Böyük Pyotr körfəzində korvetlərdən biri göyərtəsinə Ka-27 helikopterini qəbul edib.

“Rezkiy” və “Rusiya Federasiyasının Qəhrəmanı Aldar Tsıdenjapov” - Amur Gəmiqayırma Zavodunda Rusiya Hərbi Dəniz Qüvvələri üçün hazırlanmış Layihə 20380 korvetləridir.

Korvetlərin uzunluğu 100 metrdən çoxdur və 4000 mil məsafəni qət edə bilirlər. Silahlara “Uran” gəmi əleyhinə raket kompleksi və “Redut” hava hücumundan müdafiə raket sistemi, torpedalar, güclü radar və elektron avadanlıq arsenalı, 100 mm-lik AK-190 artilleriya qurğusu, iriçaplı pulemyotlar və qumbaraatanlar daxildir.

Bəxtiyar CƏFƏRLİ



Seçilən
10
herbiand.az

1Mənbələr