Qusarda “Meşə qardaşları" adlı terror qruplaşmasına qarşı keçirilən tədbirlər nəticəsində rayonun Cibir kəndi yaxınlığında sığınacaqlar və saxlanc yerləri aşkar edilib.
Publika.azxəbər verir ki, bu barədə Dövlət Təhlükəsizlik Xidmətinin və Daxili İşlər Nazirliyinin əməliyyatla bağlı yaydığı birgə məlumatda deyilir:
“Əməliyyat-axtarış və istintaq tədbirləri nəticəsində Cibir kəndi yaxınlığında yerləşən meşəlik ərazidə gizli şəkildə yaradılmış sığınacaqlar və saxlanc yerləri aşkar olunub, həmin yerlərdə gizlənən qanunsuz silahlı birləşmənin üzvləri - Qədir Hacıyev, Riyad Səfərəliyev, Valerik Adilov və Ümüd Güləliyev silahlı müqavimət göstərərək partlayıcı vasitələri işə salarkən məhv olublar”.