AZ

Dəri quruluğu sadə problem deyil: Bu xəstəliyin əlaməti ola bilər

Türkiyə Böyrək Vəqfinin (TBV) prezidenti Timur Erk, dəri quruluğunun bəsit bir problem kimi qəbul edilməsinin yanlış olduğunu bildirib. Onun sözlərinə görə, bu hal bədənin bir xəbərdarlığı ola bilər.

Yenisabah.az xəbər verir ki, vəqfin açıqlamasında qeyd edildiyinə görə, dəri quruluğu və qaşınma yalnız xarici amillərlə bağlı olmaya bilər. Bu əlamətlər böyrək xəstəliklərində də müşahidə oluna bilər. Bildirilir ki, xroniki böyrək xəstəliyi bədəndə toksik maddələrin yığılmasına səbəb olaraq dərinin qurumasına gətirib çıxarır. Bu vəziyyət davamlıdırsa, yalnız mövsümi təsirlər və ya qida çatışmazlığı ilə izah etmək kifayət etmir.

TBV prezidenti Erk deyib: 

"Böyrək xəstəlikləri gizli şəkildə irəliləyir və erkən mərhələdə simptom vermir. Dəridəki quruluq sadə bir problem kimi görünsə də, bədənimiz bizi xəbərdar edə bilər. Bu səbəbdən bu siqnalları düzgün oxumaq vacibdir. Erkən diaqnoz böyrək xəstəliklərinin irəliləməsinin qarşısını ala və ümumi sağlamlığınızı qoruya bilər. Buna görə ildə bir dəfə qan analizi və həkim müayinəsi böyrək sağlamlığınızı qorumağın ən mühüm yollarından biridir."

"Qaşınmanın ən təsirli müalicəsi böyrək köçürülməsidir"

Vəqfin idarə heyətinin üzvü, professor Dr. Aydın Türkmen bildirib ki, həm xroniki böyrək çatışmazlığı dövründə, həm də son mərhələ böyrək çatışmazlığında dəri quruluğu və qaşınma tez-tez rast gəlinən problemlərdən biridir və bu hal xəstələrin təxminən üçdə birində müşahidə olunur.

O qeyd edib ki, xəstələrə kifayət qədər effektiv dializ edilməməsi də şiddətli qaşınmaya səbəb ola bilər: "Böyrək çatışmazlığında yaranan qaşınmanı digər səbəblərlə bağlı olan qaşınmalardan fərqləndirmək lazımdır. Böyrək xəstəliyinə bağlı inkişaf edən qaşınmanın müalicəsi üçün bədəndə yığılan toksik maddələrin səviyyəsinin azaldılması vacibdir. Qanda fosfor və parat hormon səviyyələri normaya salınmalıdır. Xəstə dializ alırsa, bu prosesin ən effektiv şəkildə aparılmasına diqqət yetirilir. Topikal müalicələr, nəmləndiricilər və fototerapiya tətbiq oluna bilər. İrəliləmiş mərhələdə olan böyrək xəstəliyi ilə bağlı qaşınmanın ən təsirli müalicəsi isə böyrək köçürülməsidir."

Düzgün qidalanma dərinin sağlamlığını qoruyur

Vəqfin diyetoloqu Gökçən Efe Aydın isə bildirib ki, qidalanma vərdişləri dəri sağlamlığına birbaşa təsir göstərən amillər arasındadır. Onun sözlərinə görə, kifayət qədər su içməmək, həddindən artıq duzlu və emal olunmuş qidaların qəbulu dərinin nəm itirməsinə səbəb olur.

Aydın əlavə edib ki, xüsusilə A, C, E vitaminləri və Omega-3 yağ turşularından kasad bir pəhriz dərinin elastikliyini itirməsinə və qurumasına gətirib çıxarır.

Nazim Hacıyev


Telegram kanalımız
Seçilən
14
yenisabah.az

1Mənbələr