"Kür-Xəzər" Xeyriyyə İctimai Birliyinin sədri, cərrah Akif Kərimov QHT.az-a açıqlamasında gənclərin ölkənin inkişafındakı rolunu vurğulayıb. Onun sözlərinə görə, son bələdiyyə seçkilərində gənclərin fəallığı xüsusilə diqqət çəkib:
"Azərbaycan dövlətinin inkişafında gənclərin böyük rolu var. Bu, bələdiyyə seçkilərində də özünü doğrultdu. Bələdiyyə seçkilərində iştirak edənlərin 80 faizi gənclər idi. Bu gənclər şəhərlərin və kəndlərin abadlaşdırılmasında, müxtəlif sahələrdə aktiv iştirak edəcək və bələdiyyələrdə demokratik prinsiplərə uyğun olaraq öz töhfələrini verəcəklər."
Akif Kərimov həmçinin gənclərin təhsil və sosial sahələrdə də əhəmiyyətli işlər görəcəyini bildirib:
"Həm məktəblərin təmirində, həm uşaqların təhsilində onların rolu böyük olacaq. Əgər bir məktəbdə istilik sistemi və ümumi şərait yaxşılaşdırılarsa, təhsilin keyfiyyəti də artar."
Sonda Akif Kərimov bələdiyyə seçkilərində qalib gələn gəncləri təbrik edərək onlara uğurlar və cansağlığı arzulayıb.
Pərvanə Fərhadqızı