AZ

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələri üzrə qeydiyyat başlayır

Bakı, 3 fevral, AZƏRTAC

Martın 2-də Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası və Məktəblilərarası fənn müsabiqələrinin rayon (şəhər) mərhələsi keçiriləcək.

Təhsil İnstitutundan AZƏRTAC-a bildirilib ki, hər iki müsabiqədə iştirak üçün elektron müraciət prosesi fevralın 4-dən başlanır və 17-dək davam edəcək.

Müsabiqədə iştirak etmək istəyənlər https://portal.edu.az platformasında “Müsabiqələr və olimpiadalar” bölməsindən müsabiqənin istiqamətini seçərək elektron müraciət etməlidirlər.

Lütfi Zadə adına riyaziyyat-məntiq olimpiadası V sinif, fənn müsabiqələri isə VI-VII siniflər üçün təşkil olunur. VI sinif şagirdləri riyaziyyat, informatika və təbiət fənləri, VII sinif şagirdləri isə riyaziyyat, fizika, kimya və biologiya fənləri üzrə imtahanda iştirak edə bilərlər.

Müsabiqələrin keçirilməsinin əsas məqsədi istedadlı uşaqların aşkar olunması, şagirdlər arasında sağlam rəqabət mühitinin yaradılması, onların məntiqi biliklərinin inkişafına təkan verilməsi, yaradıcı istedad və fərqli düşünmə qabiliyyəti ilə fərqlənən şagirdlərin müəyyən edilməsi, onlarla məqsədyönlü işlərin aparılmasından ibarətdir.

Qeyd edək ki, fənn müsabiqələrinin qalibləri Elm və Təhsil Nazirliyi tərəfindən yaradılmış Beynəlxalq Olimpiadalar Mərkəzində hazırlıq prosesinə cəlb olunur, müvafiq təmayüllər üzrə lisey və gimnaziyalara müsabiqədənkənar qəbulolma şansı əldə edirlər.

Qeydiyyatla bağlı yaranan hər hansı çətinliklə əlaqədar vatsap vasitəsilə +994 50 791 46 31 nömrəsinə yazmaq olar.

 

Seçilən
10
4
azertag.az

5Mənbələr