AZ

İş yerində yorğunluğu azaltmağın ən təsirli iki yolu - Araşdırma

Yeni araşdırma iş yerində hiss edilən xroniki yorğunluğu azaltmağın iki ən təsirli yolunu müəyyən edib: müntəzəm mikro fasilələr vermək və rəhbər dəstəyi almaq.  

Valyuta.Az ABŞ-nin "Wake Forest", "Virginia Commonwealth" və "Northeastern" universitetlərinin tədqiqatçıları tərəfindən aparılan araşdırma göstərib ki, qısa fasilələr vermək və rəhbərlikdən dəstək almaq iş gününün sonunda yorğunluğun azalmasına, daha keyfiyyətli yuxuya və növbəti gün üçün daha yüksək enerjiyə müsbət təsir göstərir.  

"ScienceAlert"in məlumatına görə, hər iki metodun birlikdə tətbiq edilməsi yorğunluğa qarşı mübarizədə ən effektiv üsul kimi görünür.  

Araşdırmanın müəlliflərindən biri, Lindsay Andiola bildirib: "Birincisi, mikro fasilələr xüsusilə iş yükü çox olduqda yorğunluğu idarə etməyin sadə və az xərc tələb edən bir yoludur. İkincisi, rəhbər dəstəyi yorğunluğu azaltmaqda mühüm rol oynayır. Bu iki mexanizm birlikdə yüksək iş yükünün olduğu dövrlərdə və ya stresli iş şəraitində çalışan mütəxəssislər üçün ən vacib rahatlığı təmin edir."  

Araşdırma qrupu 179 iştirakçı ilə nəzarətli bir eksperiment aparmazdan əvvəl 44 mühasibin iş vərdişləri barədə sorğu keçirib.  

"Contemporary Accounting Research" elmi jurnalında dərc olunan araşdırma nəticələri göstərib ki, müntəzəm qısa fasilələr işin dəqiqliyini də artırır.  

Tədqiqatçılar bildiriblər ki, effektiv mikro fasilələr cəmi bir dəqiqə davam edə bilər. Bu müddətdə qısa məqalə oxumaq, qəhvə içmək və ya gərilmə hərəkətləri etmək mümkündür.  

Rəhbər dəstəyi dedikdə isə menecerlərin işçilərlə ünsiyyət qurması, onlara kömək təklif etməsi və gördükləri işə görə onları qiymətləndirməsi nəzərdə tutulur.  

Araşdırma müəllifləri bildiriblər: "Bu strategiyaları tətbiq etməklə şirkətlər həm işçilərin rifahını, həm də nəzarət keyfiyyətini artıra bilər. Nəticədə daha dayanıqlı və məhsuldar bir iş mühiti yaradıla bilər."  

Rəhim

Seçilən
17
valyuta.az

1Mənbələr