AZ

Şagirdlər üçün şəxsi sürücü tutulması böyük tıxaca səbəb olur

Bakı şəhəri və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda qeyd olunur ki, təhsil müəssisələrinin iş rejimi dəyişkən iş qrafikinə əsasən təşkil olunacaq və "məktəb avtobusları"ndan istifadə olunacaq.

 

Bəs görəsən, iş rejiminin dəyişkən olması və avtobusların yaradılmasının hansı faydaları olacaq? Məktəb avtobusları şagirdlər üçün ödənişli əsaslarla fəaliyyət göstərəcək?

 

Milli Məclisin Elm və təhsil komitəsnin deputatı Ceyhun Məmmədov mövzu ilə bağlı AzEdu.az-a açıqlama verib.

 

Deputat bildirib ki, bu məsələ uzun müddətdir müzakirə olunur.

 

"Cənab Prezidentin iştirakı ilə vacib müşavirə keçirildi. Müşavirədə Prezident çox mühüm bəyanat və açıqlamalar verdi. Həmin gündən nəqliyyatla bağlı addımların atılması üçün real işlərə başlanıldı və proqram qəbul edildi.

 

Hazırda ali təhsil müəssisələrində imtahanların bitdiyi, semestr tətilinin başladığı dövr olduğuna görə şəhərdə nisbətən azalmanı hiss edirik. Bu situasiya özünü nəqliyyatın fonunda göstərir. Burada önəmli addımlardan biri də dərslərin başlaması ilə bağlı məsələdir. Dərslərin eyni anda başlaması da nəqliyyat sıxlığı probleminə yol açır. Fərqli vaxtlarda dərslər başlaması daha  məqsədəuyğun olar".

 

“Şəhər yükünün azaldılması üçün gələcəkdə böyük əraziyə malik regionlarda yeni universitetlərin yaradılması məsələsinə baxıla bilər”,- deyə millət vəkili qeyd edib:

 

“Bakıda sıxlığın qarşısını almaq üçün bölgə universitetlərinə qəbulun artırılmasına çalışmalıyıq. Mingəçevir, Gəncə, Xankəndi və digər bölgələrdə universitetlərə tələbə qəbulunun artırılması Bakıda insan sıxlığının azalmasına səbəb olar. Şəhər yükünün azaldılması üçün gələcəkdə böyük əraziyə malik regionlarda yeni universitetlərin yaradılması məsələsinə baxıla bilər. Hər il Bakıdakı universitetlərdə tələbə qəbul sayının artması nəqliyyat sıxlığı və digər bir sıra problemlərə yol açır.  

 

Paytaxtda ən böyük tıxaca səbəb olan məsələlərdən biri valideynlərin uşaqlarını məktəbə aparıb-gətirməsi üçün taksi tutmaları, yaxud imkanlı ailələrin şəxsi sürücü və avtomobil tutaraq övladlarını dərsə aparmalarıdır. Bakıda istənilən məktəbin qarşısında izdiham və avtomobil sıxlığı nəzərə çarpır. 

 

Məktəblərə uşaqların avtobusla gediş-gəlişi təmin olunmalıdır. Bütün məktəblərə avtobus ala bilmərik, bu böyük vəsait tələb edir. Ancaq hansısa formada, müəyyən nəqliyyat şirkətləri ilə yaxud bu sahədə çalışan qurumlarla danışıqlar aparmaq lazımdır.

 

Bəzi valideynlər ayda 300-500-1000 manat məbləğində taksi və ya sürücülərə pul ödəyirlər. Onlar müəyyən rəmzi məbləğ ödəməklə uşaqlarının avtobusla dərsə gedib-gəlmələrini təmin edə bilərlər. Bir halda valideyn bir avtomobil saxlayır, sürücü tutur və ya benzinə yüksək məbləğdə vəsait xərcləyir, digər halda isə avtobusa müəyyən ödəniş verərək bu xidmətləri əldə edirlər.

 

Hesab edirəm ki, məktəb avtobusları layihəsinin həyata keçirilməsi effektiv bir həll ola bilər. Məktəblərin önündə 40-50 avtomobilin dayanmasındansa, daha az vəsait xərcləyərək bu məqsədə nail olmaq mümkündür".

Seçilən
4
azedu.az

1Mənbələr