AZ

Amerikalılar əsas ticarət tərəfdaşlarına tətbiq edilən yeni tariflərin “ağrısı” ilə üzləşə bilərlər

ABŞ prezidenti Donald Tramp bazar günü amerikalıların onun ölkənin üç ən böyük ticarət tərəfdaşı olan Kanada, Çin və Meksikaya tətbiq etdiyi yeni tariflərin iqtisadi “ağrısı” ilə üzləşə biləcəyini bildirib, lakin deyib ki, ABŞ-ın maraqlarını dəstəkləmək üçün “buna dəyər”.

Tramp ilk prezidentliyi dövründə Kanada və Meksika ilə azad ticarət sazişi üzrə danışıqlar aparmasına baxmayaraq, hər iki ölkəyə 25 faizlik, Çinə isə artıq tətbiq edilmiş rüsumlara əlavə olaraq, 10 faizlik yeni tariflər tətbiq edib. Tariflər çərşənbə axşamı qüvvəyə minir.

Tramp bu üç ölkənin qeyri-qanuni immiqrasiyanın və ölümcül fentanil opioid maddəsinin ABŞ-a daxil olmasının qarşısını almaq üçün kifayət qədər iş görmədiyini iddia edir.

Tramp bazar günü Truth Social hesabında amerikalı istehlakçıların tariflər səbəbindən daha yüksək qiymətlərlə üzləşə biləcəyini etiraf edib.

Başqa ölkələrdən mal idxal etmək üçün federal hökumətə tariflər ödəyən Amerika şirkətləri daha sonra çox vaxt əlavə xərcləri özləri ödəmək əvəzinə daha yüksək xərclərin hamısı olmasa da ən azı bir hissəsini istehlakçılara ötürürlər.

Lakin Tramp şərhlərinin əksəriyyətini ABŞ-ın ən yaxın müttəfiqlərindən birini hədəf alaraq, Kanadaya yönəldib.

ABŞ-ın Siyahıyaalma Bürosu Birləşmiş Ştatların keçən il Kanada ilə ticarət defisinin 55 milyard dollar təşkil etdiyini bildirib.

“Nə üçün? Heç bir səbəb yoxdur”, Tramp deyib. “Onlarda olan heç bir şeyə ehtiyacımız yoxdur. Bizim qeyri-məhdud enerjimiz var, biz öz avtomobillərimizi istehsal etməliyik və istifadə edə biləcəyimizdən daha çox taxta-şalbanımız var”, o bildirib.

“Bu böyük subsidiya olmadan Kanada həyat qabiliyyətli ölkə kimi mövcud olmağı dayandıracaq. Ağırdır, lakin həqiqətdir! Buna görə də Kanada bizim dəyərli 51-ci ştatımız olmalıdır. Kanada xalqı üçün çox aşağı vergilər və daha yaxşı hərbi müdafiə - VƏ TARİFlLƏRSİZ!” - Tramp deyib.

visiontv.az



Seçilən
4
50
visiontv.az

10Mənbələr