AZ

Mənzil bazarında bahalaşma: "Bu prosesi normal qəbul etməliyik"

Mənzil bazarında qiymətlər fantastik həddə çatır. Ekspertlər burada qeyri-adi nəsə olmadığı qənaətindədirlər. Proqnozlar da ürəkaçan deyil, bahalaşma davam edəcək.

Kaspi.az mövzu ilə bağlı araşdırma aparıb.

Bildirilib ki, mənzil bazarında qiymətlərin artımını statistik məlumatlar da təsdiqləyir.

Belə ki, 2024-cü ildə Azərbaycanda mənzil bazarında qiymətlər 2023-cü ilə nisbətən 9.9 faiz artıb. Ötən il əvvəlki illə müqayisədə ilkin mənzil bazarında qiymətlər 11.3 faiz, təkrar mənzil bazarında isə 9.8 faiz artıb. Göründüyü kimi, qiymətlər sabitləşmir.

Bəs bahalaşma nə vaxt səngiyəcək? Daşınmaz əmlak bazarında qiymətlər bu il də artmaqda davam edəcəkmi?

“Ən yüksək qiymət artımı Nərimanov rayonundadır”

"Azərbaycan Qiymətləndiricilər Cəmiyyəti" İctimai Birliyinin sədri, iqtisadçı-ekspert Vüqar Orucun sözlərinə görə, qiymət artımı ilə bağlı onlarda olan rəqəmlər rəsmi statistikadan da yüksəkdir: “Ötən ilin dekabr ayında Bakının mənzil bazarında köhnə mənzillərin qiyməti 2023-cü ilin eyni dövrü ilə müqayisədə orta hesabla 10,5 faiz, yenitikililərin qiyməti isə 12,3 faiz artıb. Ən yüksək qiymət artımı Nərimanov rayonunda qeydə alınıb. Burada köhnə binalarda qiymətlər 14, yenitikililərdə isə 16 faiz artıb. Səbail rayonunda köhnə binalar üzrə qiymətlər 13, yenitikililər üzrə isə 15,2 faiz artıb. Nəsimi rayonunda bu göstəricilər müvafiq olaraq 12,2 və 15,2 faiz, Nizami rayonunda 11,7 və 12 faiz, Yasamalda 11,1 və 12,8 faiz, Qaradağda 7 və 8 faiz, Sabunçuda 8 və 10 faiz, Suraxanı və Binəqədidə köhnə binalar üzrə qiymət artımı müvafiq olaraq 6,8 və 8,3 faiz, yenitikililər üzrə isə 9,5 və 9,6 faiz təşkil edib”.

Bahalaşmanı şərtləndirən səbəblər

Ekspert qeyd edib ki, işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa işləri tikinti materiallarına tələbatı artırır: “Əgər tikinti şirkətinə əvvəl bir kvadratmetr daha ucuz başa gəlirdisə, indi bu rəqəm 20-30 faiz yüksəlib. İşçi qüvvəsinin də qiyməti artır. Fəhlə və ustalar hər il 15-20 faiz daha artıq məbləğ tələb edirlər. Bu da gündəlik xərclərin artması ilə bağlıdır”.

V.Oruc bildirib ki, insanlar dayanıqlı biznes sahəsi kimi daşınmaz əmlakı görürlər. Bu, ilbəil qiymətini artıran və dəyərdən düşməyən investisiya növüdür: “Kirayə verərsə, daha artıq gəlir deməkdir. Nəzərə almalıyıq ki, Bakının Baş planına uyğun olaraq müəyyən binaların söküntüsü aparılır. Onların yerində yeni binalar inşa ediləcək. Mənzillər söküldükcə orada yaşayan sakinlər də daşınmaz əmlak bazarına yönəlirlər. Həmçinin MİDA kimi sosial layihələrin həyata keçirilməsi də daşınmaz əmlak bazarında dinamiklik və aktivliyin yaranmasına təsir göstərir”.

Özülü yeni qoyulan binalara da maraq artıb...

Ekspert bildirib ki, təkcə hazır mənzillərə deyil, hətta təməli yeni qoyulan əmlaklarda da qiymətlər yüksəlib: “Son vaxtlar alıcıların təməl mərhələsində olan binalardan mənzil almağa marağı artıb, bu isə qiymətlərə təsirsiz ötüşmür. Bəzən bu mərhələdə olan tikililər hətta yenitikili və təkrar yenitikililərdən daha yüksək qiymətə təklif olunur. Əvvəllər bu cür mənzillərə ehtiyatla yanaşan alıcılar son vaxtlar onlara daha çox maraq göstərməyə başlayıblar. Səbəblərdən biri də iqtisadi amillərdir. Ölkə iqtisadiyyatı böyüyür. Manatın alıcılıq qabiliyyətində müəyyən fərqlər yaranır. Nəticədə bunlar hamısı qiymətlərin artımı ilə nəticələnir”.

Seçilən
7
6
aznews.az

7Mənbələr