Milli Məclisin deputatı, parlamentin Mədəniyyət komitəsi sədrinin müavini Günay Əfəndiyeva Qərbi Azərbaycana qayıdışın müxtəlif sahələrdə olduğu kimi, mədəni əsaslarının da formalaşdırılması ilə bağlı AZƏRTAC-a müsahibə verib. AzNews.az müsahibəni təqdim edir.
- Günay xanım, bu yaxınlarda Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın azərbaycanlılara qarşı törətdikləri etnik təmizləmə və soyqırımı faktlarını etiraf etdiyi videosu yayımlandı. Bu haqda nə deyə bilərsiniz?
- Qərbi Azərbaycanda yaşayan soydaşlarımız XX əsrdə etnik mənsubiyyətlərinə görə erməni vəhşilikləri nəticəsində mərhələli şəkildə deportasiyaya məruz qalaraq, öz dədə-baba yurdlarından dörd dəfə didərgin salınmışlar.
Bu torpaqlardakı mədəni irsimizin bir çox tarixi nümunələri də ermənilər tərəfindən qarət edilmiş, dağıdılmış və ya mənimsənilmiş, qədim toponimlərimiz çirkin erməni adları ilə əvəz olunmuşdur. Azərbaycanlıların bu torpaqların əzəli sakinləri olduqlarını sübut edən izləri, xalqımıza aid etnik nişanələri yox etmək üçün məqsədyönlü şəkildə kütləvi vandallıq aktları törədilmişdir. Torpaqlarımızın 30 illik işğal dövründə Qarabağda və Şərqi Zəngəzurda olduğu kimi, Qərbi Azərbaycandakı mədəni irsimizin məhv edilməsi son bir əsrdə Ermənistanda dövlət siyasəti səviyyəsində gerçəkləşdirilmişdir.
Tarixdən yaxşı məlumdur ki, İrəvan xanlığı Azərbaycan xanlıqlarından biri idi. Türkmənçay müqaviləsi nəticəsində İrəvan xanlığı Rusiya imperiyasının tərkibinə daxil edildi və ermənilərin oraya köçürülməsinə başlanıldı. Bununla da tarixi hadisələrin gedişatında yeni bir mərhələ açıldı.
XIX əsrin sonlarında milli ideologiyaya çevrilən qatı erməni irqçiliyi bütün ətraf coğrafiyada yaşayan xalqlara, o cümlədən erməni xalqının özünə ciddi problemlər gətirmişdir. Osmanlı imperiyasının ərazilərində yaradılmış "Qınçaq", "Daşnaksütyun" və bu kimi digər partiya və hərəkatlar böyük imperiyaların maddi-mənəvi dəstəyini alaraq, erməni əhalisinin beynini zəhərləmiş, bu da acınacaqlı mənfi nəticələr doğurmuşdur. O vaxta qədər yüksək həyat səviyyəsində yüz illərlə sülh və rifah içərisində yaşayan erməni əhalisi öz dövlətinə kütləvi şəkildə xəyanət etdi. Yüz ildən artıq zaman keçməsinə baxmayaraq, milli-mənəvi məhdudiyyətdən doğan bu irqçiliyin nə dərəcədə yayıldığının indi də canlı şahidiyik. Təsadüfi deyil ki, erməni irqçiliyini faşizmə gətirib çıxaran siyasi liderlər və yaxud xaricdəki erməni lobbisi bu ideologiyadan, ilk növbədə, öz şəxsi mənafeləri və siyasi maraqları üçün istifadə edirlər.
Ermənistanın ilk prezidenti Levon Ter-Petrosyanın son günlərdə bir çox mətbuat orqanlarında yayımlanmış müsahibəsi erməni irqçi faşizminin, erməni nasizminin əyani təzahür formalarından biridir.
Bilirsiniz, həyatda ədalət gec də olsa, həmişə öz yerini tapır. Yalan, böhtan üzə çıxır. Ermənistanın vaxtilə birinci şəxsi olmuş Ter-Petrosyanın Qərbi azərbaycanlılara qarşı etnik təmizləmə siyasətini açıq şəkildə etiraf etməsi artıq Ermənistanın özü-özünü ifşa etməsi deməkdir. Bu açıqlama ilə Ermənistanın təcavüzkar siyasəti bir daha təsdiqlənir. Bu, yalnız Ermənistanın dövlət idarəetməsindəki keçmiş bir liderin deyil, ümumilikdə erməni siyasətinin, onun ideologiyasının təzahürüdür.
Ter-Petrosyanın həmin açıqlaması erməni millətçiliyinin, qeyri-insani münasibətinin nə qədər dərinləşdiyini göstərir və bu, həm regional, həm də qlobal miqyasda geniş nəticələrə səbəb ola bilər. Ona görə də düşünürəm ki, Ermənistan Azərbaycan ilə münasibətlərini normallaşdırmaq və bunun davamı olaraq hansısa qlobal layihələrdə iştirak etmək istəyirsə, onda onların rəsmiləri öz keçmişləri ilə bağlı səmimi olmalı, törətdikləri etnik təmizləmə və cinayətləri rəsmən tanımalıdırlar.
Digər tərəfdən, Prezident İlham Əliyevin Qərbi Azərbaycan İcmasının inzibati binasının açılışında söylədiyi kimi, adətən qədim şəhərlərin tarixi abidələri, tarixi mərkəzləri olur. Necə ki, Bakıda, Gəncədə, Naxçıvanda, Şəkidə, Qəbələdə və digər qədim şəhərlərdə var. Bəs niyə İrəvanda tarixi mərkəz yoxdur? Çünki o mərkəzlər Azərbaycan xalqının tarixi mirası idi və ermənilər bu mirası məhv ediblər. Şəhərsalma adı altında bütün tarixi abidələrimiz, o cümlədən İrəvan qalası və Sərdar xanın sarayı da dağıdılıb, məhv edilib.
İrəvanda salamat qalan və yeganə Azərbaycan abidəsi olan Göy Məscidi hazırda Ermənistan rəsmiləri xaricdən gələn qonaqlara “İran məscidi” kimi təqdim edirlər. Hətta Ermənistan bu məscidin İranın tarixi abidəsi kimi UNESCO-nun Ümumdünya İrs Siyahısına daxil edilməsinə çalışırdı. Maraqlıdır, necə olur ki, 1799-cu ildə İrəvan xanı Hüseynəli xan Qacar tərəfindən tikdirilən və Azərbaycan memarlığının incilərindən biri olan göy türklərin “Göy məscidi” başqasının abidəsi kimi təqdim edilir?
- Qərbi Azərbaycana mənəvi qayıdış siyasəti ilə bağlı nə deyə bilərsiniz?
- Bu, tarix faktlara əsaslanır. Coğrafi mövqe, tarixi miqrasiya reallıqları, toponimika və bir çox digər əlamətlər Azərbaycanın bu yerlərə, onun tarixi və mədəni irsinə haqqını aşkar şəkildə təsdiqləyir. Prezident İlham Əliyevin dediyi kimi, bizim işimiz bu tarix üzərində qurulmalıdır. Necə ki, Qarabağ münaqişəsi ilə bağlı təhrif edilmiş təsəvvürü tamamilə dəyişdirə bildik. Canımızla, qanımızla öz torpaqlarımızı geri qaytardıq. Eləcə də Qərbi Azərbaycan həqiqətlərini dünya ictimaiyyətinin diqqətinə çatdırmaq üçün çalışmalıyıq və çalışırıq. Prezidentin bu sahədəki yorulmaz fəaliyyəti göz qabağındadır.
Əlimizdə əsasımız, tarixi sübutlarımız var ki, həqiqətən də Qərbi Azərbaycan bizim dədə-baba torpağımızdır və azərbaycanlılar oradan dəfələrlə deportasiya olunub, amansızcasına, qəddarcasına etnik təmizləmə siyasətinə məruz qalıblar. Biz bu materialları bir çox dünya dillərinə tərcümə etməli, onların əsasında kitablar hazırlayıb nəşr etməliyik. Nüfuzlu elmi institutlar, universitetlər, beyin mərkəzləri ilə birgə tədbirlər, konfranslar, simpoziumlar keçirməliyik. Siyasətçilərlə, siyasi ekspertlərlə, beynəlxalq səviyyəli hüquqşünaslarla bu məsələləri müzakirə etməliyik. İnsanların məruz qaldıqları zülmü, qaçqınlıq və didərginlik həyatını real şəraitdə təqdim etməliyik. Bu sahədə xeyli iş görülüb, ancaq problemin vacibliyi və mürəkkəbliyi müqabilində bu azdır.
Biz yalnız öz daxilimizdə deyil, dünya miqyasında haqqımızı daha artıq bir enerji və qətiyyətlə müdafiə etməliyik. Yəni, özümüz deyib, özümüz eşitməməliyik. Başımıza gətirilən faciələr və ədalətsizliklər beynəlxalq səviyyədə, müxtəlif dillərdə və ölkələrdə eşidilməlidir. Bu məqsədlə hər birimiz həmin məsələlərin geniş təbliği və beynəlxalq ictimaiyyətə çatdırılması istiqamətində, dediyim kimi, daha fəal və sistemli iş aparmalıyıq.