Çin ABŞ-dan neft, çoxlitrajlı avtomobillər, pikaplar və kənd təsərrüfatı texnikası idxalına 10 % rüsum tətbiq etdiyini elan edib.
Korrespondent.az yerli KİV-ə istinadən bildirir ki, Çin Xalq Respublikası Dövlət Şurasının Tarif və Təsnifat Komitəsinin fərmanında belə deyilir.
Həmçinin ABŞ-dan idxal olunan kömür və maye qaza 15 % rüsum tətbiq ediləcək.
Qərar ABŞ-ın Çin mallarına tətbiq etdiyi və bu gün qüvvəyə minən 10 % həcmində rüsuma cavab olaraq qəbul edilib.
Sənəddə qeyd olunub ki, ABŞ-ın birtərəfli rüsum tətbiq etməsi Ümumdünya Ticarət Təşkilatının (ÜTT) qaydalarını ciddi şəkildə pozur, eləcə də Çin ilə ABŞ arasında normal iqtisadi və ticarət əməkdaşlığına mane olur.
Xatırladaq ki, fevralın 1-də ABŞ Prezidenti Donald Tramp Meksika, Kanada və Çindən idxal edilən mallara rüsum tətbiq edilməsi barədə sərəncam imzalayıb. Çin malları üçün rüsum 10 %, Meksika malları üçün 25 % təşkil edəcək. Bundan başqa, Kanadanın enerji resurslarına görə 10 %, digər məhsullara görə isə 25 % rüsum tətbiq olunacaq.