AZ

Yaponiya Qəzzalıları tibbi yardım üçün qəbul etməyi düşünür

Bakı,TurkicWorld

Yaponiyanın Baş naziri Şiqeru İşiba hökumətin İsrailin hücumuna məruz qalan Qəzzalı yaralılara tibbi yardım göstərmək imkanlarını araşdırdığını bildirib.

TurkicWorld xəbər verir ki, Kyodo xəbər agentliyinin məlumatına görə, İşiba Nümayəndələr Palatasının Büdcə Komitəsində Qəzza xalqına göstəriləcək yardımla bağlı çıxış edib.

Baş nazir hökumətin Qəzzada yaralı və xəstələrin vəziyyətini yaxından izlədiyini vurğulayaraq, "Hazırda xəstə və yaralıları Yaponiyaya qəbul etmək üçün bir yol tapmaq istiqamətində intensiv şəkildə çalışırıq" - deyə bildirib.

İşiba həmçinin Qəzzalı tələbələrin Yaponiya universitetlərində təhsil almasına imkan yaratmaq üçün xüsusi proqramın hazırlanacağını qeyd edib.

Xatırladaq ki, Keçən ay Malayziyanın baş naziri Ənvər İbrahim Qəzzanın yenidən qurulması üçün Yaponiya ilə əməkdaşlıq edəcəklərini açıqlamışdı. O, həmçinin Yaponiyanın Malayziyanı Qəzzanın yenidən qurulmasına yönəlmiş Fələstinin İnkişafı Naminə Şərqi Asiya Ölkələri arasında Əməkdaşlıq Konfransına (CEAPAD) həmsədrlik etməyə dəvət etdiyini bildirmişdi.

Seçilən
11
2
turkic.world

5Mənbələr