Bir məqama da diqqət çəkmək istəyirəm. Dil bilikləri ayrı, ilk təhsilin xarici dildə əxz olunması ayrı məsələdir. Məsələn, Pakistanın mənəvi lideri və ideoloqu, eyni zamanda, ən böyük milli şairi Məhəmməd İqbal Kembric Universitetini bitirib. Bizdə XX əsrin əvvəllərində də, ondan əvvəl də milli aydınlarımız bir neçə xarici dil bilib. Təhsillərini mükəmməlləşdirmək üçün başqa ölkələrin universitetlərində oxuyublar. Əhməd bəy Ağayev, Məhəmməd ağa Şahtaxtinski Fransanın Sarbon Universitetini bitirib. Peterburq və İstanbul Universitetində təhsil alan Əli bəy Hüseynzadə 7 xarici dili mükəmməl səviyyədə bilib. O qədər mükəmməl ki, Türkiyədə nəşr olunan almanca-fransızca lüğəti redaktə edib.
XX yüzilliyin əvvəllərində milli mədəniyyətin dünyaya açılması, ona məhz yeni mərhələyə keçid üçün, "böyük sintez işi üçün" lazım olub; Avropaya pərvaz etmək və yenidən Şərqrə qayıtmaq üçün lazım olub... Bu təmasa mədəniyyətin özünün qeyri-milli ölçülərdən yanaşmaq cəhdləri yox idi. Əksinə, o dövrdə ədəbiyyatın özünün pafosu ifrat, aludəçi, milli düşüncəyə xələl gətirə bilən hər hansı neqativ meyillərə qarşı yönəlmişdi. Yada salaq: C.Məmmədquluzadənin "Anamın kitabı" pyesi və bu xüsusda dillə bağlı yazdığı publisistik məqalələri, felyetonları, M.Ə. Sabirin eyni məramı aşılayan şeirləri, yaxud Əli bəy Hüseynzadənin bu mövzuda manifest xarakterli fikrini: "Biz arzu edəriz ki, bizim tərəqqimizə baxıldıqda, ... türk və müsəlmanlar nə gözəl tərəqqi ediyorlar denilsin"! Yəni, bütün hallarda bir amal vardı: "Vətən, millət, dil".
Elnarə Akimova
Milli Məclisin deputatı