AZ

Matis Tel “Tottenhem”də

Almaniya nəhəngi “Bayern”in fransalı sol vingeri Matis Tel bundan sonra “Tottenhem”in uğurları üçün çalışacaq.

Arena.az bu barədə İngiltərə klubunun mətbuat xidmətinə istinadən məlumat verir.

Premyer Liqa təmsilçisi Matisi cari mövsümün sonunadək satınalma şərti ilə icarəyə götürdüyünü açıqlayıb. “Tottenhem” gənc futbolçunu 60 milyon avro qarşılığında birdəfəlik transfer etmək hüququna da malik olacaq. 19 yaşlı futbolçu yeni komandasında 11 nömrəli formanı geyinəcək.

Xatırladaq ki, Matis Telin yeniyetməlik dövrü “Vilye-le-Bel”, “Paris”, “Jöness Obervilye”, “Klerfonten” və “Monruj 92” klublarında keçib. Yeniyetmə Matisin futbol həyatının erkən mərhələsində həlledici məqam Telin “Renn”ə qoşulması olub. O, məhz “Renn” ilə böyük futbolda debüt edib və “Bayern” skautlarının diqqətini çəkib. “Bayern” 2022-ci ilin iyulunda Matis Teli 20 milyon avro müqabilində heyətinə qatıb. Gənc futbolçunun Münhen klubu ilə 2029-cu ilin iyun ayının sonuna qədər qüvvədə olacaq müqaviləsi var.

Cari mövsümdə Tel “Bayern”in heyətində bütün yarışlarda 14 oyuna çıxıb, 1 məhsuldar ötürmə verib. O, Münhen təmsilçisinin heyətində bütövlükdə 83 oyuna çıxıb, 16 qol və 7 məhsuldar ötürmə ilə yadda qalıb.

Matis Telin qənimətlər muzeyində 2022/2023 mövsümü Almaniya çempionluğu var.

Matis Tel Fransanın U-17, U-18, U-19, U-21 yığmalarında çıxış edib, “xoruzlar”ın əsas komandasına isə hələ dəvət almayıb. Tel Fransanın U-17 kollektivi ilə 2022-ci il Avropa Çempionatının qalibi olub.

“Transfermarkt” internet-portalı 19 yaşlı fransalı sol vinegar Matis Telin transfer dəyərini 30 milyon avro məbləğində qiymətləndirir.

Seçilən
17
arena.az

1Mənbələr