AZ

Müstəmləkə keçmişini unudan Belçikanın Azərbaycana qarşı qərəzli siyasəti ŞƏRH

Bakı, 4 fevral, AZƏRTAC

Belçika Krallığında bir neçə aydır davam edən növbəti siyasi böhrandan sonra bir qrup siyasi partiya 2025-ci ilin fevralın 1-də koalisiya sazişi imzalayaraq hökumət qurub. Adından da göründüyü kimi saziş Belçikada hökumətin qurulması ilə bağlı olsa da, qəribədir ki, bu sənədin mətnini razılaşdıran siyasi qüvvələr məsələnin mahiyyətindən tamamilə kənara çıxaraq, Azərbaycan və azərbaycanlılara qarşı qərəzli və ayrı-seçkilik xarakterli müddəalar daxil ediblər.

Belə ki, koalisiya sazişində “Dağlıq Qarabağ” kimi ifadələrdən istifadə etməklə Azərbaycan Respublikasının ərazi bütövlüyünə və suverenliyinə xələl gətirilməsinə cəhd edilib. Bundan başqa, sazişdə Azərbaycandan köçüb getmiş ermənilərin qayıdışına şərait yaradılması məsələsi qaldırılır.

Bunu AZƏRTAC-a açıqlamasında Milli Məclisin deputatı Pərvanə Vəliyeva deyib.

O bildirib ki, Azərbaycanın Qarabağ regionunda yaşayan erməni əhalisinin burada qalması, yaşaması, ölkə vətəndaşlığını qəbul etməsi üçün hər cür şərait yaradılıb. Onların Azərbaycan Respublikası pasportları ilə təmin edilməsi üçün hətta 3 dildə onlayn portal açılmaqla yanaşı, “ASAN xidmət” və miqrasiya xidməti də burada fəaliyyət göstərirdi. Lakin Qarabağın erməni əhalisinin burada qondarma rejim tərəfindən uzun müddət girov saxlanılması, həmçinin Azərbaycanın vətəndaşlığını qəbul etməkdən imtina edərək buradan köç etmələri könüllü əsaslarda baş tutub. Azərbaycan ərazisində yaşamağın şərtləri aydındır: Azərbaycan Respublikasının qanunlarına hörmət etmək və onlara verilən hüquqlar çərçivəsində yaşamaq.

P.Vəliyeva deyib ki, Belçika deputatları Azərbaycan xalqına qarşı törədilən cinayətləri görməzdən gəlirlər. Qərbi azərbaycanlılar XX əsrdə dörd böyük deportasiyaya məruz qalıblar və bu deportasiyalar yaddaşımızda acı izlər buraxıb. Ermənistan silahlı qüvvələrinin işğalı illərində Azərbaycanda 1,5 milyon mina basdırılıb, 250 min hektardan çox ərazi hələ də mina və partlayıcı sursatlarla çirklənmiş təhlükə zonası hesab olunur. Ermənistanın 30 illik mina terroru nəticəsində beynəlxalq humanitar hüquq, o cümlədən fundamental insan hüquqları kobud şəkildə pozulub. Minaların təmizlənməsi uzun illər çəkə bilər ki, bu da münaqişədən sonrakı reabilitasiya və yenidənqurma işlərinə təsir göstərir. Bütün bunlar 700 mindən çox keçmiş azərbaycanlı məcburi köçkünün öz doğma yurdlarına qayıtmasını çətinləşdirir. Ermənistan tərəfindən təqdim edilən mina xəritələri isə qeyri-dəqiqdir.

“Bəlkə Belçika parlamenti Belçikanın müstəmləkə keçmişi və qarışıq irqdən olan şəxslərə və onların ailələrinin məruz qaldıqları dərin iztirabları aradan qaldırmaq üçün təşəbbüslərlə çıxış etsin? Bəlkə onlar 60 il ərzində dəymiş zərərin məbləğini hesablasın və ya bu xalqlara mənəvi dəstək olsun? 1908-1960-cı illərdə Afrikanın Konqo, Ruanda, Burundi kimi ölkələri Belçikanın irqçi və müstəmləkəçi siyasətinin qurbanı olub. Bu siyasətdən təsirlənənlər Belçika hökumətindən maddi və mənəvi təzminat tələb edirlər. Qəddar Belçika Kralı II Leopold milyonlarla afrikalını qətlə yetirərək əraziləri öz müstəmləkəsi edib. Belçika hökuməti qanlı müstəmləkə tarixinin fəxri kimi ölkənin bir neçə yerində Kral Leopoldun abidəsini ucaldıb, bu isə Belçikada yaşayan Afrika kökənli insanların qəzəbinə səbəb olub, onlar bunu özlərinə təhqir sayıblar. Nəticədə abidələrə vandalizm aktları törədilib. Etirazlar nəticəsində bir neçə abidə sökülüb. Ötən ilin dekabrında Brüssel Apelyasiya Məhkəməsi qərar verib ki, Belçika dövləti Afrika və ölkənin müstəmləkə keçmişi ilə bağlı məhkəmə işində qaradərili analarından körpəlikdə alınan beş qarışıq irqli 70-80 yaşlı qadınların işi üzrə məhkəmədə onlara maddi təzminat ödəməlidir. Lakin zərərçəkənlər uşaqlıqda yaşadıqları travmanın heç bir maddi qarşılığının olmadığını bildiriblər”, - deyə Milli Məclisin deputatı vurğulayıb.

Pərvanə Vəliyevanın sözlərinə görə, 1908-1960-cı illərdə Konqonu idarə edən Belçika səlahiyyətliləri tərəfindən körpələr ailələrdən qoparılaraq dini qurumlara və evlərə yerləşdiriliblər, bununla da bəşəriyyətə qarşı cinayət törədilib. İrqlər məqsədyönlü şəkildə qarışdırılaraq “metis”lər dünyaya gətirilib və sonra onları afrikalı analarından zorla ayırıb müəssisələrə yerləşdirib və ya Belçika ailələrinə övladlığa veriblər. Burada məqsəd bir irqin, milli kimliyin və irsin məhvinə yönəlib. Bu siyasət onları Belçika cəmiyyətinə assimilyasiya etmək məqsədi daşıyırdı, mədəni identikliyin itirilməsi cəhdləri isə böyük travma ilə nəticələnib. 1960-cı ildə Konqo, Burundi və Ruanda müstəqillik əldə etməsinə baxmayaraq, o ölkələrdə iqtisadi, sosial problemlər, müstəmləkəçiliyin ağır irsi hələ də özünü müxtəlif sahələrdə göstərir. Hazırda isə Belçika deputatları bu sazişlə öz regionundan kənarda yerləşən bir ölkənin ərazi bütövlüyünə və suverenliyinə xələl gətirməyə çalışırlar. Azərbaycan daim haqlı mövqedə yer alıb və haqlının yanında olub. Müstəmləkə irsindən əziyyət çəkən xalqlara dövlətimiz Qoşulmama Hərəkatına sədrliyi dövründə öz dəstəyini ifadə edib, bundan sonra da bu siyasəti davam etdirəcək.

Seçilən
2
2
azertag.az

3Mənbələr