AZ

İran müvə silahı yaratmağın qısa yolunu axtarır - Kəşfiyyat

İran

Tehran administrasiyası hələ nüvə silahı istehsal etmək qərarı verməsə də, bu qərarı qəbul etmək üçün nüvə silahının sürətlə inkişaf etdirilməsi yollarını gizli şəkildə araşdırır.

Reyting.az
-ın məlumatına görə, bu, ABŞ-nın yeni kəşfiyyat hesabatında bildirilir.

Hesabatda qeyd olunur ki, İran uran ehtiyatını illərlə deyil, aylar ərzində silaha çevirə biləcək qısa yol axtarır.

Kəşfiyyat məlumatlarının Bayden administrasiyasının son aylarında əldə edildiyi və Tramp administrasiyası ilə paylaşıldığı bildirilir.

ABŞ mətbuatı yazır ki, yüksək rütbəli İran rəsmiləri Trampın İsrailin baş naziri Netanyahunu İranın nüvə obyektlərinə hücuma təşviq etməsindən və İranın neft sənayesinə qarşı sanksiyaları daha da sərtləşdirəcəyindən narahatdırlar.

Xatırladaq ki, keçən ay BMT-nin Nüvə Nəzarəti Təşkilatının rəhbəri Rafael Qrossi demişdi ki, İran uranı zənginləşdirmək üçün “qaz pedalı üzərində addımlayır”. Qrossinin sözlərinə görə, İran MAQATE-yə uranın saflığını kəskin şəkildə 60 faizə çatdıracağı barədə xəbərdarlıq edib. Bu isə nüvə silahının inkişaf səviyyəsinə çox yaxındır.



Qərb dövlətləri bu addımı ciddi eskalasiya kimi qiymətləndirərək, zənginləşdirmənin bu səviyyəsi üçün heç bir mülki əsasın olmadığını və heç bir başqa ölkənin nüvə silahı istehsal etmədən bu səviyyəyə çatmadığını bildirib. İran tərəfi isə bəyan edir ki, onun proqramı tamamilə dinc məqsədlər üçündür və uranı istədiyi səviyyədə zənginləşdirmək hüququna malikdir.

Bununla belə, ABŞ kəşfiyyat agentlikləri və MAQATE bildirir ki, İran hələ 2003-cü ildə mütəşəkkil hərbi nüvə proqramına malik olub və nüvə proqramını mülki ehtiyaclardan kənarda da inkişaf etdirir. İsrailin iddiasına görə, İran heç vaxt nüvə silahı proqramından tamamilə imtina etməyib.

Onu da qeyd edək ki, MAQATE-nin meyarlarına görə, 60 faiz saflığa qədər zənginləşdirilmiş təxminən 42 kiloqram uran, daha da zənginləşdirilərsə, nüvə bombası üçün kifayət edə bilər. Qrossi deyib ki, hazırda İranda 60 faiz zənginləşdirilmiş 2000 kiloqrama yaxın uran var.

Y. QACAR
Seçilən
17
reyting.az

1Mənbələr