Azərbaycan və Bolqarıstan ikitərəfli münasibətlərin inkişafını, xüsusilə iqtisadiyyatın müxtəlif sahələrində qarşılıqlı ticarətin genişləndirilməsi yollarını müzakirə ediblər.
Azərbaycanın Bolqarıstandakı səfiri Hüseyn Hüseynov bu ölkənin Baş nazirinin müavini və nəqliyyat və kommunikasiya naziri Qrozdan Karacov, eləcə də iqtisadiyyat və sənaye naziri Peter Dilovla görüşlər keçirib.
"Rabitə və nəqliyyat kommunikasiyaları sahəsində, o cümlədən Transxəzər Şərq-Qərb Dəhlizi çərçivəsində əməkdaşlıq, Azərbaycan və Bolqarıstan arasında ticari-iqtisadi əlaqələrin, xüsusilə qeyri-enerji sektorunda əlaqələrin daha da inkişaf etdirilməsi və investisiya potensialının artırılmasına dəstək göstərilməsi ilə bağlı məsələləri müzakirə etdik", - H.Hüseynov "X" hesabında yazıb.
Bolqarıstan KİV-in məlumatına görə, P.Dilov görüşdə Azərbaycandan birbaşa investisiyaların həcminin artırılmasının Bolqarıstan üçün mühüm prioritet olduğunu qeyd edib.
"Bizim üçün Azərbaycana Bolqarıstan mallarının, o cümlədən maşınqayırma məhsulları, elektron mallar, qida sənayesi avadanlıqları, yükqaldırma-nəqliyyat avadanlıqları, dərman vasitələri və digər məhsulların ixracına dəstək vermək prinsipial əhəmiyyət kəsb edir", - o bildirib.