Ermənistan ümid edir ki, Cənubi Qafqazda sülhün bərqərar olması ABŞ-ın siyasi elitası üçün prioritet olacaq. Bunu Ermənistanın Baş nazir Nikol Paşinyan Vaşinqtonda “Save Armenia” təşkilatının üzvləri ilə görüşündə deyib. O bildirib ki, ABŞ baxımından Ermənistanı dəstəkləməyin ən təsirli yolu nədir” deyə soruşsanız, deyərdim ki, Cənubi Qafqazda sülhün əldə edilməsi gündəliyinin Vaşinqton siyasi elitasının prioritetləri sırasına daxil edilməsi çox vacib olardı.
Qeyd edək ki, Paşinyan arvadı Anna Akopyanla birgə Vaşinqtonda işgüzar səfərdədir.
Politoloq Tofiq Abbasov “Sherg.az”a bildirib ki, Paşinyan və onun komandasının özlərinə uyğun bir neçə həqiqəti var:
“Ölkə daxilində bir həqiqət təqdim edirlər, daha sonra xaricə gedərək orada başqa həqiqətləri təklif edirlər. Demokratiya haqqında çox dəbdəbəli fikirlər söyləyirlər. Ermənistan əlbəttə ki, böyük dəstəyə, köməyə ehtiyacı olan bir məmləkətdir. Çünki Ermənistan öz suveren problemlərini və hüquqlarını reallaşdıra bilmir. Bu da ondan irəli gəlir ki, ölkə daxilində çox dərin bir xaos yaşanır və hərcmərclik hökm sürür. Digər tərəfdən, hakimiyyət uğrunda gedən bu didişmələr göstərir ki, yetkin qüvvələrin sayı olduqca azdır və hakimiyyətdə təmsil olunan qruplar, partiya və birliklər öz aralarında iş işbirliyi qura bilmirlər. Belə olan halda antiböhran proqramını hazırlayıb üzə çıxarmaqda çətinlik çəkirlər. Ermənistanın isə buna çox böyük ehtiyacı var. Ermənistan böhran vəziyyətində olan məmləkətdir və ona görə də onlar ölkə daxilindən çıxan kimi hay-haray qaldırmağa, vay-şüvən salmağa başlayırlar ki, Ermənistanı xilas etmək lazımdır. Guya Ermənistan çox əlverişsiz qonşuluq şəraitində yaşayır. Azərbaycan və Türkiyə onun nəfəsini kəsmək istəyir. Ermənistanın xilası yalnız və yalnız sülh müqaviləsinin bağlanılmasından keçir. Amma elə bir sülh müqaviləsindən söhbət getməlidir ki, o işlək olsun. Yəni bu gün sülhə imza ataraq sabah yenidən Azərbaycana qarşı təxribat törətmək olmaz. Artıq Azərbaycanın əsəbləri ilə oynaya bilməzlər. Çünki Azərbaycan çox güclü bir məmləkətə çevrilib. Digər tərəfdən də Ermənistanın bu oyunbazlığı, təxribat yönlü hərəkətləri ilə bağlı həmişə cavablarını verməyə hazırdır. Sülh Ermənistana ona görə lazımdır ki, rəsmi İrəvan əlində olan vəsaitləri, ordan burdan dilənib aldığı pulları və digər resursları silah sursata xərcləməsin. Ermənistanın silah, sursat alması, ordu quruculuğu hazırda lazım deyil. Ermənistanın əsas məsələsi ondan ibarətdir ki, xalqına rifah gətirsin, insanların ölkədən çıxıb getməsinin qarşısını alsınlar. Çünki kimin imkanı varsa Ermənistanı tərk edir. Ermənistanı istəyənlərin də çoxusu uzaqdan-uzağa sevgi göstərir. Ona görə sülh şəraiti Ermənistan siyasətində öz həlledici rolunu oynamalıdır”.
Ekspert qeyd edib ki, Ermənistanın Azərbaycan və Türkiyə əleyhinə səsləndirdiyi fikirlər onun çıxış yolu deyil:
“Qərb öz cibindən hər hansı bir layihənin ödənişini etməzdən əvvəl “yüz ölçüb, bir biçir”. Yəni ermənilər elə bilməsinlər ki, onlar bütün dünyanın gözündə ən qədim, ən sivilizasiyaya çox pay verən bir xalqdır. Qərb investorları, iş adamları pul xərcləyənə qədər çox ciddi monitorinqlər aparırlar. Hər bir vəsait xərcləmək istədikləri tərəfə qruplar göndərir, analiz aparırlar. Buna görə də Ermənistan rəhbərliyi və ictimai xadimləri xarici qüvvələrin onlara yazığı gəlsin deyə suni şəkildə vəziyyəti gərginləşdirirlər. Amma xarici qüvvələr görür ki, Ermənistanın vəziyyətdən çıxış yolunu tapmaq üçün imkanları var. Həmçinin anlayırlar ki, Azərbaycanla Türkiyə Ermənistana Qərbdən, Şərqdən daha çox kömək etməyə qadirdir. Ermənistan siyasi demaqogiyanı deyil, siyasi duyğunu gücləndirməlidir. pezidenti İlham Əliyev Vətən müharibəsi bitən kimi Ermənistana təklif etdi ki, regionda gedən inteqrasiya layihələrinə qatılsınlar və yavaş-yavaş öz iqtisadiyyatlarını dirçəltsinlər. Onlar isə bunu etmədilər və əksinə olaraq prosesdən qaçdılar. Ermənilər düşünürlər ki, kimsə gəlib onlara rifah sağlayacaq. Bildiyimiz kimi məşhur şansolye Şarl Aznavur erməni rəhbərliyinin, yəni Serj Sarkisyanın adından gələn xahişini qarşılayaraq demişdi: "Mən sizə nə qədər kömək eləməliyəm? Mən artıq ssizə kömək etməkdən yoruldum. Özünüz işləməyi, quruculuq vərdişlərini gücləndirin ki, özünüz qazanasız”. Şarl Aznavurun həmin sözləri ermənilərə bir çağırışdır ki, müqəddəratlarını özləri təyin etməyi öyrənsin”.