Ermənistanın Baş naziri Nikol Paşinyan Amerika Birləşmiş Ştatlarında “Ermənistanı xilas et” aylansının təşkil etdiyi yığıncaqda iştirak edib və çıxışında sülh gündəliyinə toxunub. Onun sözlərinə görə, sabitliyin bərpası regionda demokratiyanın təmin olunmasına töhfə verəcək.
Yenisabah.az xəbər verir ki, Paşinyan Ermənistanın sülh gündəmini diqqətdə saxladığını vurğulayıb.
“Düşünürəm ki, insanların azadlığını qorumağın ən vacib yolu davamlı sülhün təmin edilməsidir. Münaqişə insanların hüquqlarının pozulması üçün əlverişli şərait yaradır. Buna görə də biz hazırda sülh gündəliyinə fokuslanmışıq. İnanırıq ki, regionumuzda davamlı sülhün bərqərar olması insanların hüquqlarının qorunmasına, demokratiyanın möhkəmlənməsinə və Ermənistanın inkişafına şərait yarada bilər. Sülh, azadlıq və demokratiya xalqımızın xoşbəxtliyi və gələcəyi üçün olduqca vacibdir. Hesab edirəm ki, sülh təkcə regionda deyil, qlobal səviyyədə də demokratiyanın, azadlığın və rifahın möhkəmlənməsinə xidmət edəcək”, – deyə o bildirib.
Ermənistanın Baş naziri Nikol Paşinyanın ABŞ-da “Ermənistanı xilas et” alyansının təşkil etdiyi toplantıda verdiyi açıqlamalar, onun son dövrlərdə regionda sülh gündəliyini vurğulamaq siyasətinin davamı kimi görünür. Lakin bu çıxışın geosiyasi konteksti və Ermənistanın real siyasəti ilə necə uzlaşdığına nəzər salmaq vacibdir.
Analitiklərin fikrincə, Paşinyan çıxışında sülhü “demokratiyanın və azadlığın təminatı” kimi təqdim edir. Bu yanaşma iki əsas auditoriyaya hesablanmışdır. Birincisi beynəlxalq tərəfdaşlar və Qərb dövlətləridir ki, Ermənistan hökuməti Qərblə əlaqələri gücləndirmək istəyir. Paşinyan, xüsusilə, ABŞ və Avropa İttifaqının dəstəyini almaq üçün demokratiyanı sülhün əsas şərti kimi təqdim edir. Bu, Qərbin Ermənistana iqtisadi və siyasi dəstəyini artırmağa çalışmasının bir hissəsi olaraq qəbul edilir. Digər məsələ isə daxili auditoriya ilə əlaqəlidir. Ermənistan cəmiyyətində müəyyən bir kəsim sülh və sabitlik tərəfdarıdır. Xüsusilə, 2020-ci il Qarabağ müharibəsindəki məğlubiyyətdən sonra, Paşinyan hakimiyyətini qorumaq üçün sülh təşəbbüslərini ön plana çıxarmağa çalışır.
Paşinyanın çıxışında davamlı sülhün “demokratiya və hüquqların təmin olunması üçün vacib olduğu” vurğulansa da, regionda sülhün əsas əngəlləri hələ də qalır. Ermənistan hökuməti sülh müqaviləsi imzalamağa yaxınlaşsa da, rəsmi İrəvanın daxili siyasi təzyiqlər və radikal müxalifətin müqaviməti ilə üzləşdiyi görünür. Paşinyan sülh gündəliyini dəstəkləsə də, onun hökuməti daxilində və cəmiyyətində bu məsələyə dair yekdil mövqe yoxdur. Digər bir tərəfdən, Ermənistanın Rusiya ilə münasibətləri son illərdə gərginləşib. Paşinyan hökuməti getdikcə daha çox Qərbə meyllənir. Lakin bu, Rusiyanın regionda geosiyasi təsirini tam itirdiyi anlamına gəlmir. Moskvanın Ermənistanla münasibətləri zəifləsə də, Ermənistan iqtisadiyyatında və təhlükəsizlik sahəsində Rusiyanın təsiri davam edir.
Qeyd edək ki, Paşinyanın bu çıxışı ABŞ-da etməsi də təsadüfi deyil. Ermənistan hökuməti ABŞ-la daha sıx siyasi və iqtisadi əlaqələr qurmaq istəyir. Bunun üçün ABŞ-ın Ermənistana maliyyə və iqtisadi dəstəyini artırması hədəflənir. Həmçinin, Ermənistan cəmiyyətinə Qərblə inteqrasiya perspektivi təqdim olunur və ABŞ-dakı erməni lobbisinin təsiri gücləndirilir.
Aytac Şahin
Telegram kanalımız