Ermənistan baş naziri Nikol Paşinyanxalqa müraciət edib. Baş nazir yeni konstitusiya ilə bağlı danışıb. O, yeni konstitusiyanın ümumxalq səsverməsi yolu ilə qəbul edilməsinin zəruri olduğunu açıqlayıb
Baş nazir referendumun tarixini açıqlamayıb.
Qeyd edək ki, sülh prosesində Azərbaycanın Ermənistana qoyduğu şərtlər içərisində konstitusiya dəyişikliyi də yer alır. Bundan başqa Minsk qrupunun ləğv edilməsi tələb edilir.Ermənistan təərəfi Minski qrupu ilə bağlı məsələyə razı olduğunu desə də, bununla bağlı indiyə kimi heç bir addım atılmayıb.
Məsələ ilə bağlı Modern.az-a danışan politoloq Elxan Şahinoğlu bildirib ki, konstitusiya dətişikliyi ilə bağlı referendum keçirilsə, bu, sülh sazişinin imzalanması ehtimalını artıracaq:
"Ermənistanın baş naziri Nikol Paşinyan xalqa bugünkü müraciətində Konstitusiyanın dəyişdirilməsi üçün referendum keçirilməsinin vacibliyini bildirib. Paşinyan referendumu il ərzində keçirərsə, bu Azərbaycanla sülh sazişinin imzalanması ehtimalını artıracaq. Paşinyan xalqa video müraciətində sülhə ayrıca bölmə həsr edib. Həmin bölmədə Paşinyanın bu fikirləri yer alıb: “Sülh xarici dəstək olmadan qonşular arasında yaşamaq bacarığıdır. Sülh bərqərar olduqdan sonra bu, iqtisadi, siyasi və mədəni əməkdaşlıqda özünü ifadə edən xarici əlaqələrin son məqsədi olmaqda davam edir. Sülh, ilk növbədə, regional amildir, çünki sülh və ya onun olmaması ilk növbədə yaxın qonşularla münasibətlərdə, sonra beynəlxalq, daha sonra isə qlobal səviyyədə ifadə olunur. Strateji və uzunmüddətli mənada sülh o zaman mümkündür ki, bu, kənar dəstək olmadan qonşularla əməkdaşlıq mühitində yaşamaq bacarığı ilə ifadə edilməli olan bir bacarıq halına gəlir. Sülh təhlükəsizliyin ən etibarlı təminatıdır. Təhlükəsizliyin təmin edilməsinin ən mühüm komponentləri region ölkələrinin qarşılıqlı asılılığı, ölkənin regional və qlobal təchizat və ticarət zəncirindəki yeridir”. Paşinyanın sülhə həsr etdiyi bölmə onun etirafıdır ki, Ermənistan gah Rusiya, gah Fransa, gah da ABŞ-a arxalanaraq təhlükəsizliyini təmin edə bilməyəcək, ermənilər üçün sülhün yeganə təminatı qonşularla, o cümlədən Azərbaycan və Türkiyə ilə normal münasibətlərin yaradılmasıdır".
Politoloq vurğulayıb ki, Azərbaycanla və Türkiyə ilə münasibətlərin yaradılması üçün Ermənistan bir sıra addımlar atmalıdır:
"Bunun üçün birincisi, Paşinyan Ermənistan Konstitusiyasında Azərbaycana və Türkiyəyə ərazi iddalarını ehtiva edən bəndləri çıxarmalı, ikincisi, Zəngəzur dəhlizinin reallaşmasına şərait yaratmalı, üçüncüsü sərhədin “monitorinqi” adı altında Ermənistanda yerləşdirdiyi Qərbin hərbi heyətinin fəaliyyətinə ehtiyac olmadığını bəyan etməlidir. Bunlar edilərsə, Paşinyan ümid etdiyi regional sülhü yaxınlaşdıra bilər/