AZ

Menemen faciəsi

1930-cu il dekabrın 23-də sübh tezdən Manisanın Menemen şəhərindən gələn kiçik bir qrup əhalini xilafəti və şəriəti bərpa etmək üçün üsyana çağırdı. Onlar deyirdilər ki, 70 minlik xilafət ordusu hərəkətə keçib və tezliklə bölgəyə yetişəcək. Həmin qrupdan Dərviş Mehmet özünün Mehdi olduğunu iddia edirdi.

Cümhuriyyət hökumətinin həyata keçirdiyi bir çox tədbirlər əsasən mühafizəkar olan xalqın zatən ürəyincə deyildi, o cümlədən “şapka inqilabı” adını alan qanun. Fəsin şapka ilə dəyişdirilməsi “din əldən gedir, bizi gavur etmək istəyirlər” kimi reaksiya doğururdu. Buna görə də menemenlilərin çoxu “Mehdi”yə rəğbətlə yanaşdılar, amma tərəfinə keçənlər elə də çox deyildilər.

Şəhərin mərkəzində baş verənlər haqqında xəbər tutan asteğmen (leytenant) Mustafa Fehmi Kubilay (peşəkar hərbçi deyildi, həqiqi hərbi xidmətə çağırılmış müəllim idi) hərbi hissənin ərazisində təlim keçən 20 əsgəri özü ilə götürərək hadisə yerinə getdi. O, təkbaşına üsyançılara yaxınlaşıb təslim olmalarını tələb etdi, Dərviş Mehmetin ya sinəsindən vurub itələdi. Açılan atəş nəticəsində Kubilay yaralandı.

Bu zaman hadisələrin gedişini tamamilə dəyişən bir hadisə baş verdi. Kubilayla gələn əsgərlər üsyançılara atəş açdılar. Amma onlar təlim keçdikləri üçün silahlarında boş (xolostoy) patron vardı və təbii, heç kəs xəsarət almadı. Dərviş Mehmet bunun ardınca “Görürsünüz, Mehdi olduğum üçün güllə təsir etmir” söylədi. Bəlkə özü də inandı mehdiliyinə. Bu hadisə menemenlilərdə böyük təəssürat yaratdı. Az qala hamısı təkbir gətirərək Dərviş Mehmetin tərəfinə keçdi. “Şapka geyən kafirdir. Yaxında yenə şəriət bərpa olacaq” dedilər. Qaçıb qurtulmağa çalışan Kubilayı tutdular, diri-diri başını kəsib bədənindən ayırdılar. Sonra da qaldırdıqları yaşıl bayrağın başına baqqaldan aldıqları iplə bağladılar. Hadisələr zamanı Həsən və Şövqü adlı iki mühafizəçi də öldürüldü.

Menemenə çağırılan hərbi birliklər təslim təklifini qəbul etməyən əhalini top və pulemyotdan atəşə tutdu. Üsyan yatırıldı. “Mehdi”yə bu dəfə güllə təsir etdi və o, yaralı halda ələ keçirildi. Manisadan onunla gələnlərdən ikisi öldürüldü, qalanları tutuldu.

Menemen hadisəsi Atatürkdə böyük qəzəb doğurdu: “Bu nə haldir, mürtəcilər hökumət meydanında ordunun zabitini din adına boğazlayabiliyorlar. Minlərcə Menemenliden kimsə çıxıb mane olmur, əksinə təşviq edirlər. Yunan idarəçiliyi altında ikən bu xainler hardaydılar? Onların namusunu və dinini qurtaran ordunun bir zabitinə rəva gördükləri bu hücumun cəzasını yalnız xain qatillər deyil, hamısı en ağır şəkildə çəkməlidir. Bu Cümhuriyyəti və bizim başımızı kəsməkdir. Bundan bütün Menemen cavabdehdir. Bu qəsəbə “Vilmodit” elan edilməyə layiqdir”.

Vilmodit (fransızca yazılışı – ville maudite) “lənətlənmiş şəhər” deməkdir. Bu, o demək idi ki, Menemenlə Fransa inqilabı zamanı Konventə qarşı üsyan edən Lion şəhəri ilə olduğu kimi davranılmalıdır, daş üstdə daş qalmamalıdır. Amma hirsi soyuyandan sonra Atatürk daha bu barədə danışmadı.

Hərbi məhkəmə çox ağır hökmlər çıxardı. Aralarında Kubilayın başını bağlamaq üçün ip satan baqqal da daxil olmaqla 37 nəfər edama məhkum edildi. Onlardan 8 nəfərin cəzası 24 il həbsə dəyişdirildi, 29 nəfər 1931-ci il fevralın 3-də edam olundu. Bundan əlavə, 41 nəfər həbs cəzası aldı.

Dərviş Mehmet Nəqşibəndi təriqətindən Şeyx Esat Ərbillinin müridi olduğuna görə şeyx və oğlu Mehmet Ali də məsuliyyətə cəlb olundular. İkisi haqqında da ölüm hökmü çıxarıldı. Şeyx yaşlı olduğundan cəzası həbslə əvəzləndi (amma tezliklə öldü), oğlu isə edam edildi. Məşhur aktyor və şoumen Mehmet Ali Erbil Şeyx Esatın nəticəsi, adaşı Mehmet Alinin isə nəvəsidir.

Atatürkün sonrakı bir sıra radikal qərarlarının, o cümlədən, azanın türkcə oxudulmasının arxasında Menemen hadisəsinin durduğu ehtimal olunur.

Seçilən
8
vaxt.az

1Mənbələr