AZ

"PepsiCo"nun gəlirləri proqnozları üstələyib - Hesabat

"PepsiCo" IV rübdə analitiklərin gözləntilərini üstələyən hər səhmə düşən gəlir açıqlasa da, üzvi gəlir (əməliyyat nəticələrindən əldə etdiyi gəlir) artımı gözləniləndən zəif olub. 

Valyuta.Az xəbər verir ki, bunun əsas səbəbi kimi qiymət artımlarının ABŞ-də istehlakçıların tələbinə mənfi təsir göstərməsi göstərilir.  

"Frito-Lay" kartof çipsləri və "Mountain Dew" qazlı içkisi kimi məşhur brendlərin sahibi olan şirkət dekabrın 28-də başa çatan rübdə üzvi satışlarının 2,1% artdığını bildirib. Bu göstərici "Bloomberg" analitiklərinin 2,27%-lik proqnozundan aşağı olub.  

İllik hesablamada isə satışlar 2% artıb. Analitiklər bu göstəricinin 3,22% olacağını gözləyirdi.  

Buna baxmayaraq, şirkətin baş icraçı direktoru Ramon Laquarta açıqlamasında 2024-cü ildə əsas Şimali Amerika bazarında "sakit" performans müşahidə olunsa da, "PepsiCo"nun dayanıqlı qaldığını bildirib. Son dövrlərdə qida və digər məhsulların qiymətindəki artım istehlakçıları daha ucuz alternativlərə üstünlük verməyə və marketlərdə daha az alış-veriş etməyə vadar edib. Bu tendensiya "PepsiCo"nun içki satışlarına mənfi təsir göstərib.  

Eyni zamanda, ötən il Şimali Amerikada "Quaker Foods" bölməsində məhsulların geri çağırılması da ümumi biznesə mənfi təsir edib. Laquarta bildirib ki, bu bölmədə üzvi gəlir IV rübdə 2%, 2024-cü maliyyə ili ərzində isə 14% azalıb.  

Bundan əlavə, bəzi beynəlxalq bazarlarda geosiyasi münaqişələrin yaratdığı qeyri-sabitlik də gəlirlərə mənfi təsir göstərib.  

Buna baxmayaraq, qiymət artımları və xərclərə nəzarət tədbirləri şirkətin mənfəətini qorumağa kömək edib. IV rübdə əsas qazanc göstəricisi olan hər səhmə düşən əsas gəlir 1,96 dollar olub və bu, "Wall Street" analitiklərinin 1,94 dollarlıq proqnozunu üstələyib.  

Laquarta vurğulayıb ki, "çoxillik məhsuldarlıq təşəbbüslərimiz nizamlı kommersiya investisiyalarını maliyyələşdirməyə və mənfəətliliyimizi artırmağa kömək edəcək." Şirkət 2025-ci il üçün üzvi gəlirin "aşağı tək rəqəmli" faiz nisbətində, hər səhmə düşən əsas gəlirin isə "orta tək rəqəmli" faiz nisbətində artacağını proqnozlaşdırır.  

Rəhim

Seçilən
24
valyuta.az

1Mənbələr