AZ

İran atom bombası hazırlığını sürətləndirib

ABŞ rəsmiləri iddia edirlər ki, İran atom bombası hazırlamaq üçün daha sürətli üsul axtarır. Adının açıqlanmaması şərti ilə “New York Times” (NYT) qəzetinə danışan amerikalı rəsmilər, Co Bayden administrasiyasının son aylarında toplanmış kəşfiyyat məlumatlarına əsaslanaraq Tehranın nüvə silahı inkişaf etdirmə fəaliyyətlərini sürətləndirməyə çalışdığını bildirir.

Rəsmilər iddia edirlər ki, iranlı mühəndislər və alimlər aylar ərzində öz nüvə yanacağı ehtiyatlarını silaha çevirməyə imkan verəcək “qısa yol” axtarırlar.

Tehran hökumətinin nüvə proqramına hazırkı yanaşmasını dəyişəcəyi təqdirdə bunun qüvvəyə minə biləcəyi iddia edilir. Mənbələr bildirir ki, fars-molla rejiminin dini lideri Ayətullah Xameneyi hələlik atom bombası hazırlamaqla bağlı heç bir qərar verməyib.

Digər tərəfdən, NYT-nin hesabatında İran prezidenti Məsud Pezeşkianın İran İnqilabı Keşikçiləri Korpusunun (SEPAH) atom bombası hazırlamaqla bağlı mümkün planından xəbəri olmaya biləcəyi də bildirilir.

Vaşinqtonda yerləşən Karnegi Beynəlxalq Sülh Fondundan Kərim Sədcədpur bu qiymətləndirmələri bölüşür: “İranda uzun müddətdir ki, iki paralel rejim var. Pezeşkian və İran Xarici İşlər Nazirliyinin çox güman ki, rejimin daxili nüvə danışıqlarından xəbəri yoxdur”.

Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İran və Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının (BMT TŞ) daimi üzvləri, ABŞ, Rusiya, Çin, Böyük Britaniya, Fransa və Almaniya arasında 2015-ci ilin iyul ayında imzalanıb.

Beynəlxalq sanksiyaların ləğvi müqabilində Tehranın nüvə fəaliyyətlərini tənzimləyən və nəzarət edən nüvə sazişi 2016-cı ilin yanvarında BMT Təhlükəsizlik Şurasının təsdiqi ilə qüvvəyə minib və İran beynəlxalq sanksiyalardan qismən azad edilib.

Lakin 2018-ci ildə ABŞ prezidenti Donald Tramp birtərəfli qaydada sazişdən çıxdıqda və İrana qarşı sanksiyaları yenidən tətbiq etdikdə, Tehran administrasiyası zənginləşdirilmiş uran ehtiyatını tədricən artıraraq uranı yüksək səviyyəyə çatdırmağa başladı.

Seçilən
7
vaxt.az

1Mənbələr