AZ

Rusiyanın "kölgə donanması" necə böyüyür? - 6 milyardlıq tanker satışı

Avropa və ABŞ gəmi sahibləri Rusiyanın Qərb sanksiyalarından yayınmaq və Ukraynaya qarşı müharibəni maliyyələşdirmək üçün istifadə etdiyi "kölgə donanması"na azı 230 köhnə tanker satıblar. 

Valyuta.Az "The Guardian"a istinadən xəbər verir ki, bu fakt beynəlxalq araşdırma nəticəsində üzə çıxıb.

Araşdırmaya görə, gəmi sahibləri 2022-ci ildə Rusiyanın Ukraynaya hücumundan sonra Hindistan, Honq Konq, Vyetnam və Seyşel adaları kimi Moskvaya qarşı iqtisadi sanksiyalara qoşulmayan ölkələrdəki alıcılara gəmilərini sataraq 6 milyard dollardan (4,8 milyard funt sterlinq) çox qazanc əldə ediblər.

Məlumata əsasən, Yunanıstan gəmi sahibləri ən çox tanker satan tərəf olub – onlar ümumilikdə 127 gəmi satıblar. Böyük Britaniya şirkətləri 22, Almaniya və Norveç sahibləri isə müvafiq olaraq 11 və 8 tanker satıblar. Araşdırmada vurğulanır ki, əks halda bu gəmilər köhnəldiyi üçün ucuz qiymətə utilizasiyaya göndəriləcəkdi.

Hollandiyanın "Follow the Money" ("FTM") araşdırma platformasının rəhbərlik etdiyi və doqquz ölkədən jurnalistlərin qatıldığı araşdırma çərçivəsində məlum olub ki, Rusiyanın neft ticarətinə sanksiya tətbiq edən 35 ölkədən 21-nin gəmi sahibləri tankerlərini "kölgə donanması"na satıblar.  

Qərb hökumətləri iddia edirlər ki, "kölgə donanması"na aid gəmilər Rusiya neftini daşımaqla yanaşı, Moskva üçün casusluq fəaliyyəti həyata keçirir və dəniz dibindəki kritik infrastruktur, o cümlədən kabel xətləri haqqında məlumat toplayır, hətta bəzi hallarda onları məhv edir.  

Müstəqil Kiyev İqtisadiyyat Məktəbi ("KSE") ilə əməkdaşlıq edən araşdırma qrupu gəmiçilik sənədlərini təhlil edərək, təxminən 600 gəmidən ibarət olan bu donanmanın Rusiya neft ixracının 70%-ni daşıdığını müəyyən edib.  

Hesabatda göstərilir ki, Yunanıstana məxsus iki 15 illik tanker Hanoyda yerləşən bir şirkətə satıldıqdan sonra adları dəyişdirilib və Malta bayrağından Panama bayrağına keçiblər. Daha sonra bu gəmilər Estoniya sərhədinə yaxın yerləşən Ust-Luqa limanından 120 milyon litr Rusiya nefti götürüblər.  

Böyük Yeddilik ("G7") ölkələri və Avropa İttifaqı ("Aİ") 2022-ci ilin sonlarında Rusiya neftinin müəyyən qiymətdən yuxarı satılmasını qadağan edən sanksiyalar tətbiq etdikdən sonra, qeyri-Qərb yurisdiksiyalarında qeydiyyatdan keçə bilən gəmilərin qiymətləri sürətlə yüksəlib.  

"Lloyd’s List" gəmiçilik analitiki araşdırma konsorsiumuna bildirib ki, "çox sayda Avropa gəmi sahibinin köhnə tankerləri var idi və onlar bu gəmilərin dəyərsiz olduğunu düşünürdülər. Lakin bir anda qiymətlər ikiqat artdı və hamı tələsik gəmilərini satmağa başladı".  

Belçikanın "CMB.Tech" dəniz nəqliyyatı şirkəti 2022 və 2023-cü illərdə beş tankerini 135 milyon dollara satıb və bu gəmilər daha sonra "kölgə donanması"na qoşulub. Şirkətin sözçüsü araşdırmada iştirak edən Belçikanın "De Tijd" qəzetinə bildirib ki, satışdan sonra gəmilərin necə istifadə olunmasına görə məsuliyyət daşımırlar.  

2023-cü ilin sonlarında Aİ yeni qaydalar qəbul edərək, gəmi satan şirkətlərin onların sanksiyalardan yayınmaq üçün istifadə olunmadığını yoxlamasını tələb edib. Buna baxmayaraq, o vaxtdan bəri Avropa şirkətləri daha 32 tanker satıblar.  

Son vaxtlar Aİ və ABŞ "kölgə donanması" ilə mübarizəni gücləndiriblər. Çünki bu gəmilərin əksəriyyəti Qərb sığortası daşımır, Avropa limanlarına lövbər salmır və köhnə olduğu üçün ekoloji fəlakətə səbəb ola bilər.  

İndi, əgər bir tanker Rusiya neftini daşıyırsa və ya "təhlükəli gəmiçilik praktikalarında" iştirak edirsə, onun Aİ limanlarına daxil olması və Aİ xidmətlərindən istifadə etməsi qadağan edilir. Təxminən 70 gəmi artıq sanksiyalara məruz qalıb və daha 74 gəminin də bu siyahıya əlavə ediləcəyi bildirilir.  

Lakin hələlik "kölgə donanması"na gəmi satışını tamamilə qadağan edən xüsusi tədbirlərin görülməsi planlaşdırılmır. Bunun əsas səbəbi Yunanıstan, Kipr və Malta kimi gəmiçilik sənayesi üçün mühüm olan Aİ üzv dövlətlərinin müqavimət göstərməsidir.  

Rəhim

Seçilən
47
30
valyuta.az

10Mənbələr