İspaniyalı hücumçu Marko Asensio və fransalı müdafiəçi Aksel Disasi bundan sonra “Aston Villa”nın uğurları üçün çalışacaqlar.
Arena.az xəbər verir ki, bu barədə İngiltərə klubu rəsmi saytı vasitəsilə məlumat yayıb.
Premyer Liqa təmsilçisi Asensionu Fransa nəhəngi PSJ-dən, Disasini isə İngiltərənin digər klubu “Çelsi”dən bu mövsümün sonunadək icarəyə götürüb. Hər iki futbolçu yarım mövsümlük icarədən sonra müqavilə ilə məxsus olduğu kluba qayıdacaq.
Marko Asensio 2023-cü ilin yayında İspaniyanın “Real” (Madrid) klubundan azad agent kimi PSJ-yə keçmişdi. 29 yaşlı futbolçunun Paris nəhəngi ilə 2026-cı ilin 30 iyununadək müqaviləsi var.
Asensio cari mövsümdə PSJ-nin heyətində 16 oyuna çıxıb, 2 qol və 4 assistlə yadda qalıb. İspan futbolçunun PSJ karyerası bütövlükdə 47 oyun, 7 qol və 11 assistdən ibarətdir.
Daha öncə “Espanyol” və “Malyorka”da da oynamış Asensio 2016-cı ildən 2023-cü ilədək formasını geyindiyi “Real”da 17 kubok qazanıb. Hücumçu üç dəfə İspaniya çempionu və eyni sayda da UEFA Çempionlar Liqasının qalibi olub. Futbolçu İspaniya millisinin heyətində keçirdiyi 38 oyunda 2 qol və 14 məhsuldar ötürmə ilə yadda qalıb.
Konqoəsilli fransalı mərkəz müdafiəçisi, Fransa yığmasının da üzvü olan Aksel Disasi isə “Çelsi”yə 2023-cü ilin avqustunda 45 milyon avro müqabilində “Monako”dan keçib. “Zadəganlar”ın Disasi ilə 2029-cu ilin 30 iyununa kimi müqaviləsi mövcuddur.
Aksel Disasi “Paris”in yetirməsi olsa da, peşəkar karyerasına “Reyms”də başlayıb. Daha çox “Monako”dakı çıxışı ilə məşhurlaşmış futbolçu 2017-ci ildə Konqo Demokratik Respublikasının U-20 yığmasında debüt edib. Sonradan isə Fransanın lehinə seçim edərək, “xoruzlar”ın U-20, U-21 yığmalarında oynayıb. O, 2022-ci ildə isə Fransanın əsas yığmasında debüt edib və bu komandada 5 oyun keçirib.
“Aston Villa”da bir ayrılıq
“Aston Villa” sol vingeri Samuel İlinq-Junioru da “Midlsbro”ya icarəyə verdiyini açıqlayıb. 21 yaşlı ingilis futbolçu bu mövsümün sonunadək icarədə olacaq.
Samuel İlinq-Junior “Çelsi”nin yetirməsidir. “Yuventus”da da oynamış futbolçu 2024-cü ilin yayında 14 milyon avro müqabilində “Aston Villa”ya keçib. Amma bu klubda debüt şansı qazanmamış futbolçu cari mövsümün ilk dövrəsini “Bolonya”da icarədə keçirib. O, bu komandanın heyətində 16 oyuna 2 qol vurub. İngiltərənin müxtəlif yaş qrupları üzrə yığmalarında oynamış futbolçuya əsas millidə debüt etmək qismət olmayıb.