AZ

Tramp 3 ölkəni vurdu, zərbəsinin səsi bizə də gəldi...

Image

Xalid Kərimli: "Çin Amerıkaya daha çox mal ixrac etdiyinə görə Trampın qərarı onlara daha çox təsirə malikdir"

Bütün dünyanı idxal rüsumları ilə təhdid edən Tramp fevralın 1-də bir sıra ölkələrdən gələn mallara ağır rüsumlar tətbiq edilməsi ilə bağlı qərar verib.

ABŞ-yə Kanada, Meksika və Çindən gələn mallara qoyulan rüsum tarifləri fevralın 4-də qüvvəyə minməli idi. Müvafiq sərəncamı imzalayan prezident Donald Tramp bildirib ki, bu tədbir Kanada və Meksikanın öz sərhədlərindən qeyri-qanuni miqrant və narkotik axınının qarşısını ala bilməməsinə, Çinin Şimali Amerikaya narkotik maddə olan fentanil göndərməsinə cavabdır.

Tramp bununla bağlı bildirib: “Mən Meksika və Kanadadan idxala 25% tarif (Kanada enerjisinə 10%) və Çinə əlavə 10% tarif tətbiq etdim”. Lakin sonra fevralın 3-də gecə saatlarında elan edildi ki, Mekska və Kanadaya tətbiq edilən rüsumların qüvvəyə minmə müddəti bir ay uzadılıb. Çin isə Trampın bu qərarına cavab olaraq Amerika mallarına 15% idxal rüsumu tətbiq edib.

Trampın Kanada, Meksika və Çinə qarşı iqtisadi müharibəsi dünyaya, o cümlədən də Azərbaycana nələr vəd edir?

Baki-xeber.com saytının süalını cavablandıran iqtisadçi ekspert Xalid Kərimli bildirib ki, Amerika prezidenti Donald Tramp tariflərin artırılmasından daha çox danışıqlarda təzyiq aləti kimi istifadə edir: "Hələ Meksika və Kanadaya yeni tarif tətbiq etməyib, onu bir aylıq təxirə salıb. Ehtimal ki, Tramp bu ölkələrlə razılaşacaq və yeni tariflər qüvvəyə minməyəcək. Çin mallarına 10% rüsum tətbiq edildi, Pekin isə 15%-lik rüsumla Trampa cavab verdi. Bu hekayəni biz Trampın birinci dönəmində də görmüşdük. O vaxt da Cin mallarına 25% rüsum tətbiq edilmişdi, Çin də adekvat reaksiya nümayiş etdirmişdi. Lakin məsələ burasındadır ki, Çin Amerıkaya daha çox mal ixrac etdiyinə görə Trampın qərarı daha çox təsirə malikdir. Həm Meksikadan, həm Kanadadan, həm də Çindən Amerika daha çox məhsul idxal edir, nəinki bu ölkələrə ixrac edir. Tramp da deyir ki, bu bizim zəif cəhətimizdir, biz daxili istehsali durçəltməliyik.

Bu qarşılıqlı tarif müharibələri dünya ticarət dövriyyəsini bütün hallarda zəiflədəcək. Bu baxımdan o, öz növbəsində, iqtisadi artımın zəifləməsinə təsir göstərə bilər. Bu, qiymətlərin artmasına, inflyasiyanın sürətlənməsini və alıcılıq qabiliyyətinin zəifləməsinə gətirib çıxara bilər. Çunki tarif bütün hallarda malın maya dəyərini artırır. Amma nəzərə almaq lazımdır ki, bütün bunlar mülahizələrdir. Çunki sadaladığımız məsələlərə təsir edən yalnız tarif faktoru deyil. Məsələn, Tramp idxala yüksək tarif tətbiq etməklə yanaşı, Amerıka iqtisadiyyatını inkişaf etdirmək üçün də tədbirlər görəcəyini vəd edir. Məsələn, o, vergiləri aşağı salmaq fikrindədir ki, bu da iqtisadi artımı stimullaşdıran amildir. Yəni idxal mallarının rüsumunu artırır, amma yerli sahibkarın vergi yükünü azaldır. Belə olan halda yerli mallar daha ucuz başa gələcək və ucuz da satılacaq. Bu amilin hansının dominant olacağını isə zaman göstərəcək. Tramp deyir ki, dünya mənim üçün o qədər də əhəmiyyət kəsb etmir, mənim üçün prioritet Amerıka və amerikalılardır. Tramp düşünür ki, xarici mallar bahalaşacaq və bu da yerli istehsalın inkişafına şərait yaranacaq.

İndi biz tək tarifin təsirini götursək, bu, dünya ticarət dövriyyəsini azaldan, qiymətləri bahalaşdıran, inflyasiyanı artıran, iqtisadi artımı azaldan faktordur. Amma Trampın vergiləri azaltması və enerji qiymətlərini ucuzlaşdırması yerli istehsali stimullaşdıran, qiymətləri ucuzlaşdıran, inflyasiyanı zəiflədən və iqtisadi artımı stimullaşdıran amildir. Burada hansı amilin öndə olacağı əhəmiyyətlidir.

Əks istiqamətlərdə yer alan dünya ticarət dövriyyəsinin azalması və enerji qiymətlərinin ucuzlaşması Azərbaycana mənfi təsiri edəcək. Çünki ticarət dövriyyəsinin azalması da, enerji qiymətlərinin ucuzlaşması da enerji daşıyıcıları satan ölkələrin, o cümlədən də Azərbaycanın gəlirlərini aşağı salır. Ona görə ki, iqtisadiyyatımız hələ də neftdən daha çox asılıdır. Yaxın on ildə də vəziyyətin dəyişəcəyinə ümid yoxdur. Yəni Azərbaycana hazırda neft qiymətlərini aşağı salan siyasətlər fayda vermir".

Dəniz NƏSİRLİ





Seçilən
26
baki-xeber.com

1Mənbələr