"Sağlam İnkişaf və Maarifləndirmə" İctimai Birliyinin rəhbəri Anar Xəlilov QHT.az-a açıqlamasında işğaldan azad olunmuş ərazilərdə aparılan bərpa-quruculuq işlərinin sürətlə davam etdiyini bildirib. Onun sözlərinə görə, hər ay keçmiş məcburi köçkünlərin doğma yurdlarına qayıdışı təmin edilir.
Son olaraq, yanvarın 31-də Xocalı rayonunun Ballıca kəndinə 22 ailə və 94 nəfər köçürülüb. Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsi yanında İctimai Şura bu köç prosesini müşayiət edib. "Bərpadan sonra Ballıca kəndi füsunkar təbiət qoynunda müasir infrastruktura malik yaşayış məntəqəsinə çevrilib. Burada artıq ictimai iaşə obyektləri və digər infrastrukturlar yaradılıb ki, bu da əhalinin məşğulluğunun artırılmasına yönəlmiş addımlardandır," – deyə Anar Xəlilov bildirib.
O, həmçinin kənd təsərrüfatı məhsullarının istehsalı üçün Ballıca kəndinin əlverişli torpaq sahələrinə malik olduğunu vurğulayıb. Bununla yanaşı, keçmiş məcburi köçkünlərin peşə bacarıqlarını artırmaq məqsədilə Dövlət Komitəsi tərəfindən müxtəlif təlimlər təşkil edilir. Bu təlimlər işğaldan azad olunmuş ərazilərə köçürüləcək şəxsləri əhatə edir və onların yeni mühitə uyğunlaşmalarına, məşğulluqlarının təmin olunmasına kömək edir. Anar Xəlilov qeyd edib ki, Böyük Qayıdış Dövlət Proqramına uyğun olaraq, məcburi köçkünlərin rahat yaşayış şəraitinin və məşğulluq imkanlarının təmin edilməsi prioritet məsələlərdəndir. Prezident İlham Əliyev də çıxışlarında məcburi köçkünlərin sosial rifahının qorunmasının vacibliyini vurğulayır.
"İşğaldan azad edilən ərazilərin yenidən qurulması zamanı yaşayış evləri və infrastrukturla yanaşı, müxtəlif müəssisələrin açılması da diqqət mərkəzindədir. Yeni iş yerlərinin yaradılması geri qayıdan sakinlərin məşğulluğunu təmin edir. Dövlət Komitəsi məcburi köçkünlərin bilik və bacarıqlarının artırılması, peşə hazırlığı və sahibkarlıq təlimləri ilə məşğulluq problemlərinin həllinə xüsusi önəm verir. Əminik ki, keçmiş məcburi köçkünlər doğma yurda qayıtdıqdan sonra əldə etdikləri biliklərdən səmərəli şəkildə istifadə edəcəklər," – deyə o əlavə edib.
Anar Xəlilov vurğulayıb ki, vətəndaş cəmiyyəti institutlarının da bu sahədə aktiv iştirak etməsi və yeni, müasir layihələr işləyib hazırlaması olduqca vacibdir.
Pərvanə Fərhadqızı
QHT.az