Azərbaycanda ümumi təhsil və məktəbəqədər təhsil müəssisələrində təhsil alanların rahat və təhlükəsiz daşınması məqsədilə “məktəb avtobusları”ndan istifadə təşkil olunacaq.
Bu barədə Prezident İlham Əliyevin təsdiq etdiyi "Bakı şəhərində və ətraf ərazilərdə nəqliyyat infrastrukturunun təkmilləşdirilməsinə dair 2025–2030-cu illər üçün Dövlət Proqramı"nda deyilir.
Publika.az xəbər verir ki, mövzu ilə bağlı Trend-ə danışan Azərbaycan Dövlət Pedaqoji Universitetinin Təhsildə Təhlil və Kommunikasiyalar Mərkəzinin rəhbəri Kamran Əsədov bildirib ki, Azərbaycanda məktəb avtobuslarının istifadəyə verilməsi təhsil və nəqliyyat sahəsində ciddi dəyişikliklərə səbəb olacaq bir təşəbbüsdür.
"Bu sistemin tətbiqi bir neçə mühüm aspektdə müsbət təsir göstərəcək: şagirdlərin təhlükəsizliyi, yol hərəkətində intizamın artırılması, nəqliyyat sıxlığının azaldılması, valideynlər üçün əlavə rahatlıq və ekoloji faydalar. İnkişaf etmiş ölkələrin təcrübəsi göstərir ki, məktəb avtobuslarının tətbiqi həm şagirdlərin rifahına, həm də şəhər infrastrukturunun daha səmərəli işləməsinə xidmət edir".
K.Əsədov vurğulayıb ki, məktəb avtobusları, ilk növbədə, şagirdlərin təhlükəsizliyini təmin edir.
"Xüsusilə ibtidai və orta məktəb şagirdləri üçün bu sistem vacibdir, çünki onlar fərdi nəqliyyat vasitələrindən və ya ictimai nəqliyyatdan istifadə edərkən müəyyən risklərlə qarşılaşa bilərlər. Piyada keçidlərində qəza ehtimalı, şəhər nəqliyyatında sıxlıq və xaos, eləcə də valideynlərin daim övladlarının yol təhlükəsizliyi ilə bağlı narahatlığı məktəb avtobuslarının əhəmiyyətini artırır. Avtobuslar xüsusi marşrutlarla hərəkət etdiyindən və təcrübəli sürücülər tərəfindən idarə olunduğundan, şagirdlərin evdən məktəbə və məktəbdən evə təhlükəsiz şəkildə çatdırılması təmin edilir".
Mərkəz rəhbəri qeyd edib ki, bununla yanaşı, məktəb avtobuslarının istifadəyə verilməsi şəhər nəqliyyatındakı tıxacları azaltmağa kömək edəcək.
"Hazırda Bakı və digər iri şəhərlərdə səhər saatlarında və dərs bitdikdən sonra yollarda ciddi sıxlıq müşahidə olunur. Bunun əsas səbəblərindən biri valideynlərin övladlarını fərdi avtomobillərlə məktəbə aparıb-gətirməsidir. Məktəb avtobuslarının tətbiqi ilə bu yük azalacaq, yollar daha az yüklənəcək və nəqliyyat axını daha səmərəli təşkil olunacaq. Həmçinin, bu sistem sürücülərin yol hərəkəti zamanı məktəblərin qarşısında nizamsız dayanma hallarının qarşısını alacaq və piyadaların təhlükəsizliyini artıracaq.
Məktəb avtobuslarının başqa bir üstünlüyü valideynlər üçün əlavə rahatlıq yaratmasıdır. Hal-hazırda bir çox valideyn iş saatlarına uyğun olaraq övladlarını məktəbə aparmaq və gətirmək üçün ciddi vaxt itkisi ilə qarşılaşır. Xüsusilə səhər saatlarında həm işə, həm də məktəbə yetişmək üçün sıxlıqla mübarizə aparmaq çətinlik yaradır. Məktəb avtobusları bu problemi həll edərək valideynlərə gündəlik planlamalarını daha rahat tənzimləmək imkanı verəcək. Eyni zamanda, yanacaq və nəqliyyat xərclərinin azalması da ailə büdcəsinə müsbət təsir edəcək.
Ekoloji baxımdan məktəb avtobuslarının istifadəsi böyük üstünlüklər təmin edir. Şəhər daxilində fərdi avtomobillərin çox olması təkcə tıxac yaratmır, həm də havanın çirklənməsinə səbəb olur. Şəxsi avtomobillərlə müqayisədə məktəb avtobusları daha çox şagirdi eyni vaxtda daşıdığı üçün karbon qazı emissiyasını azaldır və ekoloji tarazlığı qoruyur. Bu yanaşma xüsusilə inkişaf etmiş ölkələrdə tətbiq edilir və şəhər ekosisteminin qorunmasına töhfə verir.