Ali Məhkəmədə hədə-qorxu ilə tələb etməkdə təqsirləndirilən Nicat Baxşəliyevin (Ocaqlı) barəsindəki hökmdən verilən kassasiya şikayəti üzrə məhkəmə iclası başa çatıb.
Hakim Şahin Yusifovun sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.
Qərara əsasən, kassasiya şikayəti qismən təmin edilib. Məhkumun Cinayət Məcəlləsinin 182.2.2-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirli bilinərək məhkum olunmasına dair cinayət işi üzrə Şəki Apellyasiya Məhkəməsinin çıxardığı qərar dəyişdirilib. Nicat Baxşəliyevin 2021-ci ilin oktyabr ayında zərərçəkmiş şəxsə qarşı hədə-qorxu ilə tələb etmə cinayətini törətmədiyinə görə həmin dövrə aid epizod üzrə təqsirli bilinərək məhkum olunmasına, məhkum olunmuş şəxsin hədə-qorxu ilə tələb etmə cinayətini təkrarən törətməsinə dair müddəalar Şəki Apellyasiya Məhkəməsinin qərarından və onunla bağlı Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmündən xaric olunub və bu əsaslarla onun 2022-ci ilin oktyabr ayında törətdiyi hədə-qorxu ilə tələb etmə cinayət əməli Cinayət Məcəlləsinin 182.2.2-ci maddəsindən həmin Məcəllənin 182.1-ci maddəsinə tövsif edilib. Ona bu maddə əsasında, 3 il müddətə azadlıqdan məhrumetmə cəzası təyin olunub.
Xatırlatma: Şəki Ağır Cinayətlər Məhkəməsinin hökmü ilə Nicat Ocaqlı 5 il 6 ay azadlıqdan məhrum edilmiş və məhkəmə zalında həbs olunmuşdu. Şəki Apellyasiya Məhkəməsi şikayəti təmin etməmişdi.
İttihama görə, Nicat Baxşəliyev rəhbəri olduğu “amia.az” saytı vasitəsilə ayrı-ayrı şəxslər barəsində neqativ xarakterli yazlar yazmaqla onlara təzyiq edərək, hədə-qorxu yolu ilə pul tələb etməkdə təqsirləndirilir. Təqsirləndirilən şəxs barəsində Yevlax şəhərindəki orta məktəblərin birinin direktorunun şikayəti əsasında cinayət işi başlanıb.
Mənbə: korrupsiya.az