AZ

Çay məcraları lildən təmizlənir, suvarma suyu ilə təminat yaxşılaşdırılır

Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin (ADSEA) tabeliyində olan Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi meliorativ tədbirləri davam etdirir.

ADSEA-dan "İki sahil"ə bildirilib ki, Göyçay Su Meliorasiya Sistemlərinin İstismarı İdarəsi 26568 hektar suvarılan əkin sahəsinə xidmət edir. Bu sahələrin suvarılması üçün üç su mənbəyindən istifadə olunur. Göyçay çayı vasitəsi ilə 7069 hektar, Yekəxana su anbarından 1607 hektar, Şirvan Suvarma Kanalından isə 17892 hektar sahə suvarma suyu ilə təmin edilir. Ötən il suvarmanın mütəşəkkil keçirilməsi üçün bütün suvarma arxlarında lildən təmizləmə işləri aparılıb, 24 ədəd hidrotexniki qurğuda və 480 metr məsafədə beton kanallarda cari təmir işləri həyata keçirilib. Hazırda balansda olan bütün torpaq məcralı kanallarda yaz-yay suvarmasına hazırlıq məqsədilə lildən təmizləmə işləri davam edir.

İdarə sahələrin suvarma suyu ilə təminatı ilə yanaşı, yaşayış mətəqələrinin və əkin sahələrinin sel sularından mühafizəsini də təşkil edir. Göyçay çayında sel suları zamanı yaranmış çətinliklərin aradan qaldırılması üçün məcra tənzimləmə işləri hazırda buldozerlər vasitəsilə aparılır.

Bundan başqa, İdarə Göyçay rayonu üzrə şəhər ərazisi daxil olmaqla, 43 məntəqəyə içməli su xidməti göstərir. Xidmət göstərilən abonentlər 24 saat fasiləsiz içməli su ilə təmin edilir. Əlavə olaraq, 35 məntəqəyə quraşdırılmış ictimai bulaqlar vasitəsi ilə ödənişsiz xidmət həyata keçirilir.

Şəhər ərazisində içməli suyu təmin etmək üçün rayonun Potu kəndi ərazisində yerləşən 1 saylı nasos stansiyasından ötürücü nasoslar vasitəsi ilə şəhərin Nizami və Şəhriyar küçələrində yerləşən 8 min kubmetr həcmi olan su anbarlarına ötürülür. Anbarlardan isə öz axımı ilə istehlakçılara çatdırılır. Yaranmış çirkab sular inşa olunmuş 159 kilometr şəbəkə vasitəsi ilə şəhər ərazisindən kənarlaşdırılaraq, rayonun Şəhadət kəndi ərazisində yerləşən sutqalıq gücü 10000 kubmetr olan çirkab təmizləyici qurğuya ötürülür.

Qeyd edək ki, 2024-cü ildə rayon ərazisində su xəttində 343 qəza, kanalizasiya xəttində isə 261 qəza baş verib, bu qəzalar operativ olaraq qəza bərpa qrupu tərəfindən aradan qaldırılıb.

Seçilən
7
3
ikisahil.az

4Mənbələr