Qazaxıstan Nəqliyyat Nazirliyi tərəfindən Aktau yaxınlığında Azərbaycana məxsus təyyarənin qəzaya uğraması barədə yayımlanan 53 səhifəlik hesabatda təyyarənin qəzadan əvvəl kənar müdaxiləyə məruz qaldığının təsdiqlənməsi "qara qutu"dan məhz Rusiyanın çıxması deməkdir. "Reuters" agentliyinin Azərbaycan təyyarəsinin Rusiyanın "Pantsir-S" raketi ilə vurulduğunu qeyd etməsi də bu həqiqətin təsdiqidir. Agentlik bildirir ki, “Azərbaycan tərəfində təyyarədən çıxarılan və beynəlxalq ekspertiza nəticəsində müəyyən edilmiş “Pantsir-S” raketinin qəlpəsi var”.
Beləliklə, təyyarəmizin Rusiya tərəfindən vurulduğu artıq rəsmi olaraq təsdiqlənib. Rusiya tərəfi bu həqiqəti heç cürə dana bilməz. Biz bu məsələdə Rusiya tərəfindən beynəlxalq hüququn normalarına uyğun sivil davranış gözləyirik. Rəsmi Bakı haqlı olaraq Rusiyadan faktı etiraf etməyi, üzr istəməyi və kompensasiya verməyi tələb edir. Lakin əfsuslar olsun ki, rəsmi Moskvanın hesabata reaksiyası yenə də gecikir. Kremlə bağlı müxtəlif Teleqram-kanalları vasitəsilə və Rusiya federal mediasının xətti ilə AZAL-a məxsus təyyarənin vurulması faktının təhrif olunması davam edir. Rusiya mediası Qazaxıstanın açıqladığı hesabatın işıqlandırılmasını da qəsdən məhdudlaşdırır və ictimaiyyəti çaşdırmağa çalışır.
Lakin Rusiya tərəfi onsuz da zədələnmiş reputasiyasının daha da korlanmasını istəmirsə Azərbaycan Prezidenti İlham Əliyevin çağırışlarına adekvat münasibət sərgiləməli, təyyarəmizin vurulması faktı etiraf olunmalı, məsuliyyət daşıyanlar cəzalandırılmalı və təzminat ödənilməlidir. Azərbaycan tərəfinin bu çağırış və tələblərində qeyri-adi və beynəlxalq hüquqa zidd heç bir şey yoxdur. Bu tələb və normalar Beynəlxaq Mülki Aviasiya qaydalarında da öz əksini tapıb. Beynəlxaq Mülki Aviasiya qaydalarına görə, istənilən mülki təyyarənin vurulması faktı təsdiqini taparsa, təyyarəni vuran ölkə qarşı tərəfdən rəsmi səviyyədə üzr istəməli, məsuliyyət daşıyanlar cəzalandırılmalı, faciə qurbanlarının ailələrinə isə təzminat ödənilməlidir. Bütün bunlar beynəlxalq hüquq normaları olmaqla yanaşı, həm də insani davranış nümunələrdir. Biz Rusiya tərəfindən insani davranış gözləyirik.
Rusiya dövləti günahkarların cəzalandırması və təzminatın ödənilməsi istiqamətində real addımlar atmalıdır. Azərbaycan dövləti bu məsələdə öz haqlı mövqeyini axıra qədər davam etdirəcək. Prezident İlham Əliyev bütün məsələlərdə milli maraqlarımızdan çıxış etdiyi kimi təyyarə faciəsi ilə bağlı həqiqətlərin üzə çıxarılmasında da prinsipial mövqe nümayiş etdirir. Ona görə də Rusiya tərəfi inkarçılıq mövqeyindən əl çəkib rasional davranış sərgiləməli və beynəlxalq hüquqdan irəli gələn öhdəliklərini yerinə yetirməlidir. Rusiya gerçək müttəfiq olduğunu isbatlamaq istəyirsə, müttəfiq kimi də davranmalıdır.
Əlisahib Hüseynov,
Azərbaycan Həmrəylik Komitəsinin sədri