AZ

"Ailə münasibətlərində harmoniya və sevgi olmalıdır"- Psixoloqdan açıqlama

İqtisadi vəziyyətin və iqtisadi böhranın ailə münasibətlərinə ciddi təsiri var. Lakin burada vacib bir nüans var:bu iqtisadi problem hansı formada və hansı səviyyədədir?

Mövzu ilə bağlı  psixoloq Vəfa Rəşidova News365.az-a açıqlama verib. 

"İlk növbədə bunu dəqiq ayırd etmək lazımdır.

Bəzən qadınlar ailə qurarkən qərara gəlirlər ki, işləməyəcəklər. Yəni, evləndikdən sonra həyat yoldaşları onların bütün maddi ehtiyaclarını qarşılamalıdır. Əvvəlcə bu vəziyyət ciddi problem kimi görünməsə də, zaman keçdikcə, xüsusilə bir, iki və ya üç uşaq dünyaya gəldikdən sonra ailədə iqtisadi yük artır. Çünki ailənin bütün maddi təminatı yalnız kişiyə həvalə olunur və o, təkbaşına bütün ailəni dolandırmaq məcburiyyətində qalır.

Digər tərəfdən, cəmiyyətimizdə formalaşmış bəzi stereotiplərə görə kişi həyat yoldaşına işləməsini deməkdən çəkinir. Çünki bu, cəmiyyət tərəfindən “kişi ailəsini dolandıra bilmir” kimi qəbul edilə bilər. Məhz bu düşüncə qadınların bir qismi üçün üstünlüyə çevrilir və onlar işləmək istəmədiklərini bildirirlər. Onlar bilirlər ki, kişi bunu tələb etsə, “yaxşı ailə başçısı deyil” damğası vurula bilər. Bu səbəbdən də kişi məcburən bu vəziyyətə dözür, nəticədə isə maddi və mənəvi yüklənmə aqressiyaya, ailədaxili problemlərə səbəb olur.

Ailə münasibətlərində harmoniya və sevgi olmalıdır. Həyat yoldaşları bir-birini anlamalı və bir-birinə dəstək olmalıdırlar. Maddi məsələlərdə yükün yalnız bir tərəfin üzərinə düşməsi münasibətlərdə gərginlik yaradır. Əgər ailədə qarşılıqlı anlaşma və əməkdaşlıq yoxdursa, bu, tədricən münasibətlərin pisləşməsinə gətirib çıxarır. Əsas olan, ailə daxilində həm mənəvi, həm də maddi baxımdan bir-birinə dayaq olmaq və birlikdə rifah içində yaşamağı bacarmaqdır."

Seçilən
49
50
news365.az

10Mənbələr