Qış “transfer pəncərəsi” həm maraqlı, həm də unikal keçidlərlə zəngindi.
"Football-plus.az" xəbər verir ki, bu yaxınlarda “Mançester Siti”də özbəkistanlı Abdukodir Xusanov peyda oldu.Bir müddət öncə belaruslu Trofim Melniçenko Minsk “Dinamo”sundan “Portu”ya yollandı. Azərbaycanlı futbolçular fil qulağında yatdığı bir vaxtda keçmiş MDB məkanı ilə bağlı daha bir sensasiyalı transfer baş tutdu. “Çelsi” də yeni trenddən geri qalmamağa çalışdı. London nəhəngi “Kayrat”ın 16 (!) yaşlı forvardı Dastan Satpayevi heyətə cəlb etmək üzrədi. Fabritsio Romanonun paylaşdığı məlumata görə, Qazaxıstan klubu bu satışdan bonuslardan əlavə 4 milyon avro gəlir əldə edəcək! Dastanın İngiltərədə dastan yazıb-yazmayacağını bilmirik. Amma ən azı onu yaxından tanımağa dəyər.
Oyun tərzinə görə hansı futbolçuya bənzəyir?
Öncə qeyd edək ki, haqqında bəhs edəcəyimiz futbolçunun heç “vikipediya”sı belə yoxdu. 2008-ci il təvəllüdlü Dastan yaşının kiçik olmasına baxmayaraq, artıq “Kayrat”ın əsas komandasında debüt etməyə imkan tapıb. O, ötən ilin mayında Liqa kuboku çərçivəsindəki oyunda sonradan meydana çıxmış və “Kayrat” tarixinin rəsmi matçda forma geymiş ən gənc futbolçusuna çevrilmişdi. Təbii ki, onun hələlik əsas uğurları gənclər arasındakı turnirlərlə bağlıdı. Qazaxıstanda ona yeni nəslin ən parlaq nümayəndəsi kimi baxırlar. Qazaxıstan yığmasının baş məşqçisi (artıq sabiq) Stanislav Çerçesov Satpayevin tezliklə əsas yığmaya cəlb olunacağağını düşünür. Bəs görəsən, ingiltərəli skautkar bu futbolçuda nə görüb?
2023-cü ildə Qazaxıstan Futbol Federasiyası bütün ölkəni əhatə edən yeni gənclər liqasına start verildi. “QJ League” adı verilən liqa müxtəlif futbol funksionerləri tərəfindən diqqətlə izlənilir. Bu layihəni hətta Qazaxıstana səfəri zamanı FİFA prezidenti Canni İnfantino da tərifləmişdi. “Kayrat”ın gəncləri həm 2023-də, həm də 2024-də çempion olub. Artıq başa düşdüyünüz kimi Satpayevin də ulduzu məhz burda parlayıb. 19 yaşlılara qarşı oynayan Dastan bu turnirdə ilk qolunu hələ 15 yaşı tamam olmadan vurdu! İki il ərzində yeniyetmə forvard bu liqada keçirdiyi 28 oyunda 26 qol, 10 məhsuldar ötürməlik mükəmməl performans ortaya qoydu! Ötən mövsümün yekunlarına görə Dastan turnirin ən yaxşı futbolçusu seçildi. İstedadlı futbolçu mükafatı aldıqdan sonra əsas hədəfinin özünü Avropada göstərmək olduğunu dedi.
“JQ League” turnirində qazanılan ilk titul “Kayrat”ın U-19 komandasının UEFA Gənclər Liqasına yolunu açdı. Onlar ilk mərhələdə Moldova təmsilçisi “Akademiya Rebeja” ilə oyunda problem yaşamadılar və Dastan cavab oyununda hesabına qol yazdı. Növbəti rəqib “Betis” oldu. Satpayev ilk görüşdə hesabına məhsuldar ötürmə yazsa da, komandası 8 futbolçu ilə tamamlamaq məcburiyyətində qaldığı oyunda 1:6 hesabı ilə uduzdu. Məhz Gənclər Liqası sayəsində nəhəng klubların skautlarının Dastanı yaxından izləmək fürsəti oldu. Qazaxıstandakı cavab oyununda “Kayrat” yenə çox tez azlıqda qaldı. Buna baxmayaraq, Satpayev oyunu ilə diqqəti çəkməyi bacardı. Skautlar onun cəldliyini, sürətini, atletik bədən quruluşunu, ikinci hücumçu mövqeyində özünü daha rahat hiss etməsini, yeri gələndə top almaq üçün mərkəzə qədər çəkilməsini və təbii ki, bitiricilik qabiliyyətini xüsusi qeyd ettdilər. Bəzi aspektlərə görə qazaxıstanlı futbolçu Serxio Aqueronu xatırladır. Həmin oyundan sonra ispaniyalı skaut Manuel Nunyes Dastanı diqqət mərkəzində saxlayacaqlarını və onu böyük gələcəyin gözlədiyini dedi. Satpayev aşağı yaş qruplarından ibarət yığmada, konkret desək, Qazaxıstanın U-17 komandasında da özünü göstərməyə müvəffəq oldu. AÇ-nin seçmə mərhələsində vurduğu qoldan başqa “İnkişaf Kuboku”nda 3 qol, 1 ötürməlik performans sərgilədi. Rusiyalı həmyaşıdlarına 2 qol vurdu. Rusiya premyer-liqası təmsilçiləri də onun uğrunda mübarizəyə qoşuldular. Amma “Kayrat” Dastanı “böyük beşlik”dən başqa bir ölkəyə satmaq istəmədi.
“Çelsi” onu əldən vermədi
Gənclər Liqasında diqqəti çəkdikdən sonra Avropadan ilk təkliflər gəlməyə başladı. “Çelsi” onu hələ noyabrda 4 həftəlik baxışa dəvət etdi. O, londonluları qane etməyəcəyi təqdirdə başqa variantlar da var idi. Satpayevə “Benfika”, “Zaltsburq”, “Bayer-04” və “Real Sosyedad” maraq göstərirdi. Dekabrın əvvəllərində “Kayrat” bu vunderkindin adını əsas komandanın qış hazırlıq toplanışına saldı. Dərhal Dastanın Londonda ümidləri doğrultmadığı və artıq “Çelsi”yə lazım olmaması barədə şayiələr gəzməyə başladı. Üstəlik “Samsunspor” da bu futbolçunu akademiyasına gətirmək üçün dəridən-qabıqdan çıxırdı. Satpayev isə hazırlıq matçlarında özünü yaxşı tərəfdən göstərərək Qazaxıstanın elita təmsilçiləri ilə görüşlərdə qol sevinci yaşadı. Sonra məlum oldu ki, “Çelsi”, sadəcə, düşünmək üçün yanvara qədər vaxt istəyibmiş. Sonda londonlular bu istedadı əldən verməməyə qərar verdilər. Amma Satpayev İngiltərəyə yalnız gələn ilin avqustunda – 18 yaşı tamam olandan sonra yollanacaq.
Bu transfer bir neçə məqama görə unikaldı. Birincisi, Dastan Satpayev Qazaxıstan futbolunun ən bahalı oyunçusuna çevrilib. Buna qədər rekord 2023-də 2 milyon avroya “Kayrat”dan “Zenit”ə yollanan Nuralı Alipə məxsus idi. “Astana”dan “Alaves”ə 3 milyon avroya yollanan Patrik Tvumasi isə bir Qazaxıstan klubunun ən bahalı satışına çevrilmişdi. İkincisi, Xusanov premyer-liqada forma geyən ilk özbəkistanlı olduğu kimi, Satpayev də premyer-liqada çıxış edən ilk qazaxıstanlı kimi tarixə düşə bilər. İllər öncə “Çelsi”nin akademiyasında artıq qazaxıstanlı Darius Nuritov məşq edirdi. Ölkədə ona ümidlər böyük idi. Hətta Nuritovu “yeni Messi” adlandıranlar da var idi. Amma əksər uşaqlar kimi o da gənc yaşlardan belə böyük təzyiqin öhdəsindən gələ bilmədi. Nuritov “Çelsi”nin akademiyasını 16 yaşında tərk etdi. Hazırda o, Oksfordda təhsil alır və ən böyük arzusu ölkəsində diplomat işləməkdi. Satpayevin durumu isə fərqli olacaq. Çünki o, İngiltərəyə 18 yaşında yollanacaq. Uzunmüddətli müqaviləyə imza atacaq və əsl peşəkar mühitdə inkişaf etməyə başlayacaq. Yəni onun özünü göstərə bilmək üçün əla fürsəti olacaq. Hər halda, Qazaxıstan futbol ictimaiyyəti məhz buna ümid edir.
- Gecə Modu
- Ana səhifə
- Statistika
- Mənbələr
- Reytinq
- Hava
- Valyuta