Ötən gün Bəşər Əsəd rejiminin devrilməsi ilə 15 il sonra Suriyadan Ankaraya tarixi səfər gerçəkləşib. Suriyanın yeni lideri Əhməd Şara Prezident Rəcəb Tayyib Ərdoğanla görüşmək üçün Türkiyəyə gəlib.
İlk səfər zamanı liderlər region üçün həyati əhəmiyyət kəsb edən müdafiə, təhlükəsizlik və strateji tərəfdaşlıq məsələlərini müzakirə ediblər.
Daha sonra təşkil edilən birgə mətbuat konfransında çıxış edən ölkə başçıları birlik və bərabərlik mesajları veriblər.
“Qonşumuz Suriya ilə bağlı siyasətimizin əsasını çoxdan bu ölkənin ərazi bütövlüyü təşkil edir. Dəyərli qardaşımla mən təhlükəsizliyin və iqtisadi sabitliyin bərqərar olması üçün atılacaq birgə addımları qiymətləndirdik. Demək olar ki, hər bir məsələdə tam razılaşdığımızı görməkdən məmnun olduq. Xüsusilə Suriyanın şimal-şərqini işğal edən separatçı terror təşkilatı və onun havadarlarına qarşı atılacaq addımları müzakirə etdik. İstər DEAŞ, istərsə də PKK olsun, hər cür terrorla mübarizədə Suriyaya lazımi dəstəyi verməyə hazır olduğumuzu ifadə etdim. Suriyanın şimal-şərqindəki düşərgələrə nəzarət kontekstində onların yanında olduğumuzu bir daha təsdiqlədik. Qardaşım Ahmet Şaranın terrorla mübarizədə göstərdiyi güclü iradədən məmnun olduğumuzu bildirmək istərdim. Ölkələrimizin və regionumuzun rifahı naminə eyni məqsədə çatmaq üçün qüvvələrimizi birləşdirməkdən başqa seçimimiz yoxdur”, - Ərdoğan deyib.