Ukrayna prezidenti Zelenski deyib ki, ölkəsi NATO-ya qəbul edilməzsə, təhlükəsizliyini təmin etmək üçün nüvə silahı əldə etməlidir.
“Əgər bu proses illər, hətta onilliklər çəkəcəksə və bunun üçün biz yox, müttəfiqlərimiz cavabdehlik daşıyacaqsa, o zaman ədalətli sual yaranır: bu müddət ərzində bizi kim qoruyacaq?”, - deyə Zelenski bildirib.
Zelenski deyib ki, Ukraynanın təhlükəsizliyini təmin etmək üçün kifayət qədər hərbi dəstək verilməlidir: “Bizə nüvə silahı verəcəklərmi? Onda versinlər”.
Ukrayna lideri Rusiyanın hücumlarını dayandırmaq üçün Kiyevin kifayət qədər raketlə təchiz edilməsinə ehtiyac olduğunu, lakin bunun baş verəcəyinə şübhə etdiyini bildirib.
Rusiya prezidenti Putin bir müddət əvvəl bəyan etmişdi ki, Ukrayna nüvə silahı əldə edərsə, Moskva cavab tədbirləri görəcək. “Əgər Kiyevə nüvə silahı verilərsə, biz əlimizdə olan bütün hərbi vasitələrlə cavab verəcəyik”, - deyən Putin belə bir addımın Rusiyanın milli təhlükəsizliyinə birbaşa təhdid yaradacağını bildirib.
Putin Ukraynanın NATO-ya üzvlüyündən imtina etməsini və nüvə silahı əldə etməkdən imtina etməsini sülh danışıqlarının ilkin şərtləri kimi göstərmişdi. Kreml iddia edir ki, Ukraynanın nüvə statusuna qayıtması Avropa və qlobal təhlükəsizlik üçün böyük risq yaradacaq.
TAHİR