AZ

KOBİA sahibkarları sahəvi görüşlərə və maarifləndirici tədbirlərə dəvət edir

2024-cü ildə 3000-dən çox sahibkarın iştirakı ilə 120-dən artıq sahəvi görüş və maarifləndirici tədbir keçirilib. 

“İki sahil” xəbər verir ki, sahibkarlıq fəaliyyəti ilə bağlı yeniliklər, dövlət dəstəyi mexanizmləri barədə biznes subyektlərinin məlumatlandırılması, çətinliklərinin və ehtiyaclarının öyrənilməsi məqsədilə Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) təşkilatçılığı ilə müxtəlif mövzularda sahəvi görüşlər və maarifləndirmə tədbirləri təşkil olunur. Görüşlər Bakı şəhərində və ölkə regionlarında olmaqla onlayn və oflayn formatlarda keçirilir. Mikro, kiçik və orta biznes subyektləri Agentlik tərəfindən mütəmadi olaraq təşkil olunan sahəvi görüşlərlə bağlı ətraflı məlumatı KOBİA-nın rəsmi internet səhifəsindən əldə edə bilərlər (https://smb.gov.az/az/events?slug=gorus).

Eyni zamanda sahibkarlar onları maraqlandıran mövzularda sahəvi görüşlərin və maarifləndirici tədbirlərin keçirilməsi üçün təkliflərini Agentliyə təqdim edə bilərlər ([email protected]).

Aidiyyəti dövlət qurumlarının və biznes assosiasiyaların nümayəndələrinin iştirakı ilə təşkil olunan görüş və maarifləndirici tədbirlərdə sahibkarlar mövcud dövlət dəstəyi alətləri, biznes sahəsində yeniliklər barədə məlumatlanlandırılır, onları narahat edən problemlər və onların həlli yolları müzakirə edilir, ehtiyacları və təklifləri dinlənilir, sahibkarları maraqlandıran suallar yerində birbaşa dövlət qurumlarının səlahiyyətli nümayəndələri tərəfindən cavablandırılır. Həmçinin, sahəvi görüşlərdə sahibkarlar tərəfindən qaldırılan məsələlərin həlli üçün dövlət-sahibkar əməkdaşlığı platforması çərçivəsində müvafiq tədbirlər görülür, sahibkarların təklifləri ümumiləşdirilərək aidiyyəti üzrə təqdim edilir. 

Qeyd edək ki, 2024-cü ildə KOBİA-nın təşkilatçılığı ilə Bakı şəhərində və bölgələrdə 121 sahəvi görüş və maarifləndirmə tədbiri keçirilib. Bu tədbirlərdə 3000-dən çox sahibkar iştirak edib. Görüşlər əsasən çayçılıq, üzümçülük, istixana, şərabçılıq, heyvandarlıq, quşçuluq, yaşıl enerji, ekoturizm, nəqliyyat, logistika, ictimai-iaşə, ticarət, aqrobiznes, idxal-ixrac, reklam və digər fəaliyyət istiqamətlərini əhatə edib.

Seçilən
18
4
ikisahil.az

5Mənbələr