"2020-ci il sentyabrın 27-də Ermənistan Respublikasının silahlı qüvvələri Azərbaycan Respublikasına qarşı növbəti hərbi təxribat törətmişdir. Bu təxribata cavab olaraq başlanılan və 44 gün ərzində Azərbaycan Respublikasının Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə aparılan Vətən müharibəsi Azərbaycan xalqının tarixi qələbəsi ilə başa çatmış və işğal olunmuş ərazilər rəşadətli Azərbaycan Ordusu tərəfindən azad edilmişdir. Otuz ilə yaxın müddət ərzində Azərbaycan Respublikasının güclənməsi naminə aparılan uzaqgörən xarici siyasətin və görülən sistemli işlərin məntiqi davamı işğaldan azad olunmuş ərazilərin yenidən qurulması, bərpası və dayanıqlı inkişafının, milli iqtisadiyyata sürətli inteqrasiyasının və bu ərazilərə Böyük Qayıdışın təmin edilməsidir".
Bunu Sonxeber.az-a deputat Şahin Seyidzadə danışıb.
O, açıqlamasında qeyd edib ki, Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri öz əksini tapıb:
"Yeni mərhələdə qarşıya qoyulmuş hədəflərin reallaşdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 2 fevral tarixli 2469 nömrəli Sərəncamı ilə "Azərbaycan 2030: sosial-iqtisadi inkişafa dair Milli Prioritetlər" təsdiq edilmişdir. Bu prioritetlərə söykənən Azərbaycan Respublikası Prezidentinin 2022-ci il 22 iyul tarixli 3378 nömrəli Sərəncamı ilə təsdiq edilmiş "Azərbaycan Respublikasının 2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası"nda əks olunmuş "İşğaldan azad olunmuş ərazilərə Böyük Qayıdış" Milli Prioritetinin icrasının təmin edilməsi məqsədilə "Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair Dövlət Proqramı" (bundan sonra – Dövlət Proqramı) hazırlanmışdır. Dövlət Proqramında işğaldan azad edilmiş ərazilərdə aparılmış bərpa-quruculuq işləri və mövcud vəziyyət, nail olunması hədəflənən məqsədlər və onlara uyğun hədəf göstəriciləri, Dövlət Proqramının prioritet istiqamətləri, əhalinin doğma torpaqlarına geri qayıdışı məsələləri, gözlənilən nəticələr, ehtimal edilən risklərin idarə olunması, müvafiq vəzifələrin yerinə yetirilməsi üçün maliyyələşmə mənbələri və həyata keçiriləcək tədbirlər öz əksini tapmışdır. Dövlət Proqramının hazırlanmasında mütərəqqi beynəlxalq təcrübə, bu sahədə strateji inkişaf tendensiyaları, işğaldan azad edilmiş ərazilərin sosial-iqtisadi potensialı və dünya iqtisadiyyatının müasir çağırışları nəzərə alınmışdır. Azərbaycan Respublikası Prezidentinin 2021-ci il 7 iyul tarixli 1386 nömrəli Fərmanı ilə təsdiq edilmiş iqtisadi rayonların yeni bölgüsünə uyğun olaraq Dövlət Proqramının əhatə dairəsini Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarına daxil olan ərazilər təşkil edir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası və sonrakı mərhələlərdə dayanıqlı inkişafına nail olunması üçün ən önəmli strateji istiqamətlərdən biri bölgənin minalardan, partlamamış hərbi sursatdan, tərkibində partlayıcı olan qurğulardan və digər partlayıcı qalıqlardan təmizlənməsi vasitəsilə əhalinin, infrastruktur və istehsal obyektlərinin, kənd təsərrüfatı təyinatlı ərazilərin, həmçinin strateji əhəmiyyətli tikililərin və binaların təhlükəsizliyinin təmin edilməsidir.
İşğaldan azad edilmiş ərazilərin yenidən qurulması, bərpası, dayanıqlı inkişafının və əhalinin yüksək həyat səviyyəsinin təmin olunması üçün zəruri infrastrukturun yaradılması xüsusi önəmə malikdir. 2020-ci ilin noyabr ayından etibarən işğaldan azad edilmiş ərazilərdə hava limanlarının, avtomobil və dəmir yollarının tikintisi işlərinə başlanılmış, qısa zaman ərzində bölgədəki müxtəlif yaşayış məntəqələri arasında, eləcə də bu məntəqələri ölkənin digər şəhər və rayonları ilə birləşdirən nəqliyyat infrastrukturu formalaşdırılmağa başlanmışdır.
İşğaldan azad edilmiş ərazilərdə enerji infrastrukturunun qurulması və regionun enerji, o cümlədən bərpa olunan enerji potensialından səmərəli istifadə çərçivəsində əhalinin infrastruktur təminatının yaxşılaşdırılması və layiqli həyat şəraitinin yaradılması üçün elektrik, su, qaz, istilik təchizatı və kanalizasiya xidmətlərinin qurulması istiqamətində sistemli tədbirlər həyata keçirilir. Eyni zamanda, ərazilərdə zəruri rabitə infrastrukturu qurulmaqla bu sahədə xidmətlər ‒ mobil rabitə, radio-televiziya yayımı, xüsusi radiorabitə, internet, poçt və s. təşkil edilmişdir. Hazırda şəbəkə və xidmətlərin əhatə dairəsinin genişləndirilməsi istiqamətində intensiv işlər davam etdirilir. Eyni zamanda, işğaldan azad edilmiş ərazilərdə yerləşən tarixi abidələrin bərpası və qorunması işinin təşkili, abidələrin inventarlaşdırılması, pasportlaşdırılması, mühafizə zonalarının müəyyən edilməsi qarşıda duran əsas vəzifələrdəndir".
Deputat onu da qeyd edib ki, bərpa və quruculuq işləri tam sürətlə həyata keçirilir, öz torpaqlarında məcburi köçkün həyatı yaşamağa məcbur olan insanlarımız artıq geri qayıdır:
"Məskunlaşacaq əhalinin məşğulluq imkanlarının genişləndirilməsi üçün məşğulluqyönümlü iqtisadi inkişaf siyasətinin davam etdirilməsi, əmək bazarının tənzimlənməsi sahəsində institusional strukturun təkmilləşdirilməsi və aktiv məşğulluq tədbirlərinin əhatə dairəsinin genişləndirilməsi əsas vəzifələr sırasındadır. Keçmiş məcburi köçkünlərin daimi yaşayış yerlərinə qayıdışının effektiv həyata keçirilməsi idarəetmə və təhlükəsizlik məsələlərinin həlli, yaşayış yerlərinin, zəruri infrastrukturun və sosial xidmətlərin təmin olunması və məşğulluq imkanlarının yaradılması kimi vacib prioritetlərə kompleks yanaşılır.
Müstəqillik tariximizin ən qürurlu günlərini yaşayırıq. Belə ki, bərpa və quruculuq işləri tam sürətlə həyata keçirilir, öz torpaqlarında məcburi köçkün həyatı yaşamağa məcbur olan insanlarımız artıq geri qayıdır. Həyata keçirilən işlərlə Azərbaycan nəinki regiona, həmçinin dünyaya yeni bir yenidənqurma modeli təqdim edir, ilklərə imza atır.
Qayıdış proqramı çərçivəsində bir neçə gündən sonra qeyd edəcəyimiz qan yaddaşımız olan Xocalıya qayıdışın xüsusilə həssas olduğunu bildirərək, qeyd edim ki, Xocalı bütün Azərbaycan xalqının qəlbində və mənəvi dünyasında qanlı, faciəli tarixçəsi ilə dərin izlər qoyub. Xocalıya ilk sakinlərin – 20 ailənin Azərbaycanın Müstəqillik Günündə qayıtması da bu baxımdan simvolikdir. Belə ki, qayıdış qisasın alınmasının, yaraların sağalmasının, bölgədə həyatın canlanmasının rəmzidir. Xocalılılar, qarabağlılar bundan sonra müstəqil, azad, abad, inkişaf edən ölkənin vətəndaşları olaraq öz torpaqlarında qürurla yaşayacaqlar. Cəmi 8 aya bərpa olunan Xocalıda həyata keçirilən yenidənqurma işləri çərçivəsində Memorial Kompleksin təməli məhz cari il fevralın 26-da qoyulmuşdu. Bu, o deməkdir ki, Azərbaycan dövləti öz qanlı tarixini heç zaman unutmayacaq və unutdurmayacaq. "Qarabağı cənnətə çevirəcəyik" deyən Prezident İlham Əliyevin göstərişi ilə Xocalı şəhəri bu gün ölkəmisdə gözəl şəhərlərdən birinə çevirilmişdir".
Vüsalə İbrahimli
P.S. Yazı Azərbaycan Respublikası Medianın İnkişafı Agentliyinin maliyyə dəstəyi ilə "İşğaldan azad olunmuş ərazilərə "Böyük Qayıdış" mövzusuna uyğun olaraq dərc edilir"