AZ

“Audi” modellərin adlarını əvvəlki qayda ilə təyin edəcək – ŞİRKƏTDƏN AÇIQLAMA

“Audi” 2023-cü ildə elan etdiyi yeni adlandırma strategiyasından geri çəkildiyini və avtomobillərinin model adlarını mühərrik növünə görə deyil, əvvəlki kimi avtomobilin ölçüsünə əsaslanaraq təyin edəcəyini açıqlayıb.

Avtosfer.az xəbər verir ki, şirkət bu qərarı planlaşdırılan dəyişikliklərin istifadəçilər arasında çaşqınlıq yarada biləcəyi səbəbi ilə qəbul edib.

“Audi” əvvəlcə daxili yanma və elektrik modellərini fərqləndirmək üçün müxtəlif rəqəmlərdən istifadə etməyi planlaşdırırdı. Bu sistemə əsasən, daxili yanma mühərrikli avtomobillər tək nömrələrlə (məsələn, Q5), elektriklə işləyən modellər isə cüt nömrələrlə (məsələn, Q8) adlandırılacaqdı. Lakin şirkət bu yanaşmadan imtina edərək mövcud adlandırma prinsipini qoruyacağını bildirib.

“Audi”nin rəsmi açıqlamasına görə, avtomobillərin model adları artıq mühərrik növündən asılı olmayacaq və yalnız avtomobilin ölçüsünü əks etdirəcək. Bununla yanaşı, mühərrik tipini göstərmək üçün model adlarına uyğun şəkilçilər əlavə olunacaq. Belə ki, daxili yanma mühərrikli avtomobillər üçün "TFSI", “plug-in” hibridlər üçün "TFSIe", dizel mühərriklər üçün "TDI", tam elektrik modelləri üçün isə "e-tron" adlandırması tətbiq ediləcək.

Bundan əlavə, “Audi” avtomobillərinin ban üslublarına dair mövcud terminləri “sedan”, “avant”, “sportback” və s. qoruyacağını bildirib. Bu, modellərin dizayn xüsusiyyətlərini daha aydın fərqləndirməyə kömək edəcək.

Şirkətin bu qərarı avtomobil həvəskarları arasında müxtəlif fikirlərə səbəb olub. Bəzi istifadəçilər yeni adlandırma sxeminin mühərrik tiplərini daha dəqiq göstərdiyini müdafiə etsə də digərləri köhnə sistemin daha başa düşülən olduğunu və dəyişikliyin lüzumsuz olduğunu bildirir. “Audi”nin bu addımı gələcəkdə brendin adlandırma siyasəti ilə bağlı yeni suallar doğurur.

Eltac Zülfüqaroğlu

Seçilən
17
avtosfer.az

1Mənbələr