Xatırladaq ki, yeni mövsümdən oyunun sifariş vərəqəsində maksimum 17 əcnəbi futbolçu ola, meydanda eyni anda 11 əcnəbi futbolçu oynaya bilər. Və bütün legionerlərə rüsum tətbiq ediləcək.
Maraqlıdı, görəsən, bu qərar klubları həqiqətən xeyli legioner almağa sövq edəcəkmi? Artıq yerli futbolçulardan əlimizi üzməliyikmi? Əcnəbi oyunçuların axını heyətin keyfiyyətinə necə təsir göstərəcək?
“Football-plus.az” bu suallarla menecer Vaqif Heydərliyə müraciət etdi. Onun cavabı:
“Rüsumlarla bağlı tənzimləmələr faydalı modeldi. Artıq bir neçə Avropa ölkəsində, xüsusilə Macarıstanda sınaqdan keçirilib. Yəqin ki, format hələ tam hazır deyil. Böyük ehtimalla, yaş həddiylə bağlı qərarlar da veriləcək. Məncə, bütün klublar yerli futbolçuları legionerlərlə əvəz etməyəcək. İş orasındadı ki, limit olanda belə keyfiyyətli legionerləri Azərbaycana gətirmək asan olmayıb. Məsələn, “Qarabağ”, “Neftçi”, “Zirə” və “Sabah”ın maliyyə durumu daha yaxşıdı. Bu komandalar limit qüvvədə olanda keyfiyyətli legionerləri asanlıqla tapıb ölkəmizə gətirə bilirdilər? Azərbaycanda limitin ləğv olunması əcnəbi futbolçunun fikrini dəyişməyəcək ki... Saylarının çox olacağını düşünmək də ianndırıcı deyil. Legionerlər keyfiyyətli olmadıqca yerli futbolçularımız mövqe uğrunda mübarizədə onları üstələyəcəklər və əksəriyyəti ölkələrinə qayıtmalı olacaq. Ölkəmizdə kifayət qədər gənc və keyfiyyətli yerli futbolçular var. Klublar onları meydana buraxmaqla AFFA-nın ayırdığı bonusları almağa çalışacaq. Bu barədə dəqiq fikirləri növbəti mövsüm ərzində söyləmək olar. İndi yerli futbolçularının taleyinin sual altında olduğunu düşünmürəm. Daha doğrusu, hər kəsin taleyi öz əlindədi”.
KƏNAN BAHADIR