Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) müxbir üzvü Rüfət Mir-Qasımov vəfat edib.
Publika.az xəbər verir ki, bu barədə AMEA məlumat yayıb.
Bildirilib ki, Rüfət Mir-Əsədulla oğlu Mir-Qasımov 17 aprel 1940-cı ildə Bakı şəhərində anadan olub. O, Moskva Dövlət Universitetinin Fizika fakültəsini bitirib, elmlər namizədi, elmlər doktoru elmi dərəcələri alıb, 1989-cu ildə Azərbaycan Elmlər Akademiyasının (AEA) müxbir üzvü seçilib.
R. Mir-Qasımov AEA Fizika İnstitutunda (1963-1965) işləyib, 1965-ci ildən Birləşmiş Nüvə Tədqiqatları İnstitutunda (Dubna, Rusiya) aparıcı elmi işçi vəzifəsində çalışıb, sonra bir sıra xarici ölkələrin nüvə tədqiqatları mərkəzlərində elmi fəaliyyətini davam etdirib.
Rüfət Mir-Qasımovun tədqiqatları əsasən elementar zərrəciklər fizikası və sahə nəzəriyyəsinə həsr olunmuşdur. Lokal kvant nəzəriyyəsinə alternativ kvant sahə nəzəriyyəsinin qurulması onun mühüm nəticələrindən biridir. Alim burada Plank sabiti və işıq sürəti ilə yanaşı, yeni universal sabit – fundamental uzunluğu da daxil etmişdir. Bu nəzəriyyə çərçivəsində yüksək enerjilərdə yeni fiziki hadisələrin mövcudluğu proqnozlaşdırılıb.
Rüfət Mir-Qasımov relyativist konfiqurasiyalı fəza konsepsiyası əsasında iki cismin relyativist probleminə yanaşma üsulunu verib və Şredinger kvant mexanikasını inkişaf etdirib. Lorens qrupunda Kazimir operatorunu relyativistik hissəciklər arasında məsafə kimi interpretasiya etmiş və bunu kvant mexanikası məsələlərinin həllinə tətbiq edib. Bu interpretasiya və Furye ayrılmalarından istifadə etməklə fəzanın relyativistik konfiqurasiyasını qurmuş və bununla da dalğa tənliklərinin həllində differensial hesablamalarla yanaşı, sonlu fərqlər üsulunun tətbiqinin də səmərəliliyinin artırılmasına nail olub. Bu yanaşma proton modelinin, kvark modellərinin, yüksək enerjilərdə adronların yayılması, relyativistik nüvə fizikası və s. tədqiqatlarda geniş tətbiqini tapıb.