Ümummilli lider Heydər Əliyev
Gənclər siyasəti Azərbaycanın dövlət siyasətinin mühüm tərkib hissəsidir. Dövlət müstəqilliyinin bərpasından sonra Ulu Öndər Heydər Əliyevin gənc nəslə verdiyi dəyər bu təbəqənin cəmiyyətin avanqard hissəsinə çevrilməsində özünəməxsus rol oynadı. Ümummilli liderin 1994-ci il iyulun 26-da Gənclər və İdman Nazirliyinin yardılması haqqında qərarı, 1997-ci ildə fevralın 2-nin hər il Azərbaycanda Gənclər Günü kimi qeyd olunmasına dair sərəncamı gənclərə olan diqqət və qayğının, eləcə də gənc nəslin ictimai və dövlət işlərində aktiv iştirakının əsasını qoydu. Ulu öndərin həyata keçirdiyi gənclər siyasətinin əsas məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji cəhətdən sağlam yetişməsinə, istedadlı gənclərin üzə çıxarılması və onların ölkənin gələcəyinə töhfə verməsinə nail olmaq idi.
-“Gənc istedadlar üçün xüsusi təqaüdlərin təsis edilməsi haqqında”,
-“Azərbaycanın gənc istedadlarına dövlət qayğısı haqqında”,
-“Dövlət gənclər siyasəti haqqında”
qanun, fərman və sərəncamlar ölkə gənclərinin sosial və maddi şəraitinin yaxşılaşdırılması, onların ictimai fəallığının artırılması istiqamətində mühüm və fundamental baza sayılmalıdır. Ümumiyyətlə, Ulu Öndərin müəyyənləşdirdiyi və həyata keçirdiyi gənclər siyasəti özündə 5 mühüm istiqaməti ehtiva edir.
1-milli-mənəvi dəyərlərin qorunmasında gənclərin rolunu artırmaq, tarixi köklərə bağlı olaraq vətənpərvərlik ruhunda böyüməsini təmin etmək;
2-gənclərin elmi-intelektual potensialının artırılması üçün ciddi təhsil və mədəni islahatlar həyata keçirmək;
3-gənclərin təşkilatlanmasına, onların müstəqillik ideyası ətrafında birləşməsinə nail olmaq;
4-gənclərin dövlət idarəçiliyində rolunu əhəmiyyətli dərəcədə artırmaq və onların məsuliyyət hissini formalaşdırmaq;
-Azərbaycan dövlətinin beynəlxalq aləmə inteqrasiyasının yaratdığı imkanlardan gənclərin maksimum səviyyədə yararlanmasına möhkəm əsaslar yaratmaq.
Ulu Öndərin gənclər siyasətini uğurla davam etdirən Prezident İlham Əliyev də gənc nəslin inkişafı və vətənpərvərlik ruhunda tərbiyə almasına xüsusi önəm verir, bununla bağlı mütəmadi qərarlar qəbul edir. Məsələn, 2017-ci il sentyabrın 15-də Prezident ölkə başçısının sərəncamı ilə təsdiq edilən “Azərbaycan gəncliyi 2017-2021-ci illərdə” Dövlət Proqramı dünyada gedən prosesləri nəzərə alaraq, növbəti illərdə də Azərbaycan gənclərinin
-vətənpərvərlik;
-vətəndaşlıq tərbiyəsinin gücləndirilməsi və dəyərləndirilməsi;
-onlar tərəfindən innovativ düşüncə və rəqabətə davamlı biliklərin əldə olunması;
-yüksək texnologiyalar və informasiya mühitində sərbəst davranışının təşviqini
nəzərdə tutur. Prezident Azərbaycanın qüdrətli dövlətə çevrilməsində gənclərə böyük inam bəsləyir, onlara hərtərəfli şəraitin yaradılması istiqamətində mühüm addımlar atır. Məhz görülən işlərin nəticəsində Azərbaycanda bütöv bir vətənpərvər, güclü, milli ruhda tərbiyə almış gənc nəslin yetişdiyini əminliklə söyləmək olar. Prezident İlham Əliyevin ölkəyə rəhbərlik etdiyi 22 il ərzində vətənpərvər gənclər nəslinin formalaşdığını 44 günlük müharibədə qazanılan tarixi qələbə də sübuta yetirdi. Şübhəsiz, gənc nəsil, yaşlı nəsil, təcrübəli insanlar, bütün xalq, bütün etnik qrupların nümayəndələri, bütün dinlərin nümayəndələri bir yumruq tək birləşərək işğalçı Ermənistanın 30 illik təcavüzünə son qoydu. Müzəffər Ali Baş Komandan yaralı hərbçilərimizlə görüşündə bildirdiyi kimi, texnika, müasir silahlar müharibə zamanı xüsusi önəm daşıyır, ancaq döyüşü Azərbaycan əsgəri uddu, onun vətənə olan sevgisi işğalçının torpaqlarımızdakı varlığına son qoydu.
Çağdaş dünyamızda bədxah qüvvələr hansısa ölkədə ambisiyalarını həyata keçirmək, cəmiyyətdə harmoniyanı pozmaq üçün gənc nəslə, onun düşüncələrinə təsir göstərməyə çalışır. Bu gün dünyada həqiqətən də gənclərlə bağlı xoşagəlməz tendensiyalar müşahidə olunmaqdadır. Belə bir vəziyyətdə Azərbaycan gəncinin ənənəvi dəyərlər əsasında tərbiyə alması, milli, vətənpərvərlik ruhunda böyüməsi qaçılmaz zərurətdir. Bu nöqteyi-nəzərdən, Gənclər Günü kimi qeyd olunan 2 fevral tarixində Azərbaycanın gələcəyinin gənclərin əlində olduğu təkrar xatırlanır, müasir gəncin milli obrazı, vətənpərvərliyi, fədakarlığı və innovativliyi dünyaya çatdırılır.Hazırda gənclər siyasəti mahiyyət və keyfiyyətcə yeni mərhələsini yaşayır. Prezident İlham Əliyev gənclərin mənəvi inkişafı, vətənpərvərlik tərbiyəsi, xarici ölkələrdə təhsili, sosial müdafiəyə ehtiyacı olanların problemlərinin həlli istiqamətində ciddi işlər görür.
“Bu gün cəmiyyətimizin böyük hissəsini təşkil edən gənclər ölkəmizin həyatında çox önəmli rol oynayır. Gənclərin təşəbbüsləri, onların əməyi bu gün hər yerdə görünməkdədir və əlbəttə ki, yeni nəslin vətənpərvərlik ruhunda, dövlətə sədaqət əsasında yetişdirilməsi Heydər Əliyevin xidmətləri arasında önəmli yer tutur”.
İlham Əliyev, Azərbaycan Respublikasının Prezidenti
Prezident İlham Əliyev gənc nəslin milli ruhda böyüməsində əsas faktorları hər zaman detallı şəkildə çatdırır, gənclər qarşısında duran prioritetləri açıqlayır, dövlət siyasətində gənclərin xüsusi rolunu vurğulayır. Dövlət başçısı Azərbaycan gəncinin gələcəyinə inandığını və ona etibar etdiyini hər addımda bəyan edir. Çünki
-məhz bu gənclik vətənin azadlığı uğrunda mübarizəyə qalxdı və Ali Baş Komandanın arxasında dayanaraq böyük qələbəyə imza atdı;
-məhz bu gənclik Prezidentin yeni informasiya strategiyası əsasında Azərbaycanın qlobal miqyasda təbliğatını apardı və dünyada xalqımıza rəğbəti təmin etdi;
-məhz bu gənclik Azərbaycanın yeni dövrün tələblərinə, müasir informasiya texnologiyalarına adaptasiyasında, ölkəmizdə 4-cü sənaye inqilabının nailiyyətlərinin uğurla tətbiqində həlledici sözünü dedi və bundan sonra da deyəcək.
Ümumiyyətlə, vətənpərvərlik, gənclərin müharibədə və postmüharibə mərhələsindəki quruculuq işlərində iştirakı, habelə, gənc nəslin milli dəyərlərə sadiq qalması ilə yanaşı,
-gənclərin sosial şəbəkələrdə fəaliyyəti;
-4-cü sənaye inqilabının çağırışlarına adaptasiya;
-əlil gənclərin dövlət qayğısı ilə əhatə olunması;
-könüllülük hərəkatı;
-gənclərin xaricdə təhsil alması və lobbiçilik fəaliyyəti;
-gənclərin pis vərdişlərdən uzaq olması və idmana cəlbi
və digər məsələlər də müasir gəncliyin prioritet hədəfləri sırasında yer alır. Dünya informasiya savaşı dövrünə qədəm qoyub və indi Azərbaycan həqiqətlərini qlobal arenaya daşımaq erməni işğalına son qoymaq qədər strateji çəkiyə sahibdir. Bu gün tam əminliklə demək olar ki, gənc nəslin problemlərinin həlli, onların cəmiyyət həyatında layiqli təbəqə kimi iştirakının təmin olunması, milli adət-ənənələrə, saf dəyərlərə bağlılığı üçün dövlət səviyyəsində bütün zəruri tədbirlər görülür. Sosial həyatın müxtəlif sferalarında gənclərin əksəriyyət təşkil etməsi Prezident İlham Əliyevin gənc kadrların irəli çəkilməsi ilə bağlı qarşıya qoyduğu vəzifəni uğurla reallaşdırdığının nəticəsi sayılmalıdır. Ölkə başçısının xüsusi diqqəti Azərbaycan gənclərinin xaricdə təhsil almasına şərait yaratmaqla bərabər, onların daha effektiv təşkilatlanmasına və milli maraqlarımızın beynəlxalq səviyyədə uğurla qorunmasına zəmin yaradır.
Əlibala Məhərrəmzadə
Milli Məclisin deputatı