![Image](https://baki-xeber.com/uploads/posts/2025-02/1738765445_usaid.webp)
ABŞ dövlət katibi Marko Rubio bildirib ki, hazırda ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAID) müvəqqəti direktoru vəzifəsini icra edir. Rubio agentliyin Tramp administrasiyasının siyasətinə qarşı çıxmasını tabe olmama kimi qiymətləndirərək buna son qoyacağını vurğulayıb: “USAID-in bir çox funksiyası davam edəcək və Amerika xarici siyasətinin bir hissəsi olacaq, lakin o, Amerika xarici siyasəti ilə uyğunlaşmalıdır”.
“CBS News” adını açıqlamadığı üç ABŞ rəsmisinə istinadən xəbər verib ki, USAID Dövlət Departamentinə birləşdiriləcək, işçi heyətində isə əhəmiyyətli ixtisarlar aparılacaq. Bununla belə, agentlik humanitar yardım qurumu olaraq qalacaq. ABŞ prezidenti Donald Trampın administrasiyası hökumət xərclərini hədəf alan bir sıra icra qərarları fonunda Vaşinqtonun əsas beynəlxalq yardım qurumunun fəaliyyətini dayandırmağa hazır görünür. ABŞ Beynəlxalq İnkişaf Agentliyinə qarşı aparılan kampaniyaya rəhbərlik edən şəxs hökumət xərclərini azaltmaq üçün Trampın əsas fiqurlarından biri olan İlon Maskdır. O, administrasiyanın ABŞ büdcə kəsirini 1 trilyon dollar azalda biləcəyini iddia edir və bu təşəbbüsünü korrupsiyaya qarşı mübarizə kimi təqdim edir. USAID əməkdaşları 600-dən çox işçinin qurumun kompüter sistemlərinə girişinin məhdudlaşdırıldığını bildiriblər. Bu arada vacib hesab edilənlər istisna olmaqla, USAID-in bütün ölkələrdəki işçiləri məzuniyyətə göndərilib. İşə davam edəcək əməkdaşlara tezliklə məlumat veriləcəyi bildirilib. Agentliyin xaricə ezam olunmuş əməkdaşlarına geri qayıtmaq üçün 30 gün vaxt verilib. Qeyd edək ki, agentliyin saytı bir neçə gündür fəaliyyətini dayandırıb. Hazırda sayta yalnız sözügedən elan yerləşdirilib. USAID-in bir sıra ölkələrdə inqilablara sponsorluq etməsi, bir çox beynəlxalq media qruplarına böyük maliyyə dəstəyi verməklə müstəqil siyasət yürüdən dövlətlər barədə “müstəqil araşdırmalar” sifariş verməsi və beynəlxalq dezinformasiya kampaniyaları təşkil etməsi, ermənipərəst mövqeyi artıq təsdiqini tapmış faktlardır. USAID-in əsl çirkin siması bəlli olduqca bu təşkilat ölkələrdən qovulur. Amma görünən odur ki, qurum fəaliyyətinə son verməmək üçün ABŞ hakimiyyətinə qarşı çıxmaqda israrlıdır. USAID-in Vaşinqtondakı qərargahı qarşısında keçirilən etiraz aksiyası da bunu təsdiq edir. Burada işsiz qalan işçilər və onlara qoşulan Demokratlar Partiyasından olan senatorlar etiraz aksiyası keçiriblər. ABŞ konqresmeni Ceyms MakQovern bildirib: "Agentliyin bütün əməkdaşlarına təşəkkür edirəm, siz Amerikanı təhlükəsiz saxlayırsınız və bütün dünyada insanlara kömək edirsiniz. Və mən Ağ Evdən gələn bu cəfəngiyyata dözmək məcburiyyətində olduğunuz üçün sizdən üzr istəyirəm”. USAID Demokratların hakimiyyətində Birləşmiş Ştatların qlobliast siyasətinin həyata keçməsində əsas vasitə sayılırdı. USAID xüsusilə də Co Bayden tərəfindən qatı ermənipərəst Samanta Pauerin bu qurumun rəhbərliyinə gətirilməsindən sonra qlobal sülh üçün ciddi təhlükəyə çevrilmişdi. Samanta Pauerin Fransanın siyasi dairələri ilə birlikdə Cənubi Qafqazda sülh və təhlükəsizliyin təmin olunmasına maneə yaratması, bölgəni yenidən müharibəyə sürükləmək istəyən Emmanuel Makron və ətrafı ilə sıx işbirliyində olması, müharibə və münaqişələrin maliyyələşdirilməsi, aqressiv separatizm və terrorizmin stimullaşdırılması üçün nəzərdə tutulan “Avropa Sülh Fondu” ilə sinxron hərəkət etməsi USAID-in çirkli geosiyasi oyunların alətlərindən birinə çevrildiyini təsdiqləyir. Respublikaçılar, xüsusən də Tramp bu fəaliyyəti qəbul etmir. Nəticədə Tramp artıq USAID-lə bağlı tənqidi mövqeyini ortaya qoyub və təşkilatın fəaliyyətinə ehtiyac qalmadığını deyib. Beləliklə, uzun müddət beynəlxalq yardım pərdəsi altında gizlənmiş, qlobal miqyasda dağıdıcı “inqilabları”, radikal ünsürləri, narkotik istehsalını və terrorçuluğu dolayısı ilə dəstəkləmiş bir təşkilatın fəaliyyəti məhz təmsil etdiyi ölkənin administrasiyası tərəfindən dayandırıldı.
Beləliklə, USAID-in taleyi qeyri-müəyyəndir. Yuxarıda qeyd olunduğu kimi, dövlət katibi Marko Rubio müvəqqəti olaraq strukturu idarə edəcəyini açıqlayıb. USAID-in etirazlarına gəlincə, Marko Rubio bildirib: “Onların əsas mövqeyi odur ki, heç kimə işləmirlər. Amma heç bir dövlət qurumu bizə nə edəcəyimizi deyə bilməz”. ABŞ dövlət katibi agentliyi itaətsizlikdə və Birləşmiş Ştatların maraqlarına məhəl qoymamaqda ittiham edir. Dövlət Departamenti yanvarın 24-də, demək olar ki, bütün ABŞ xarici yardım proqramlarına yeni maliyyə vəsaitinin ayrılmasını dayandırıb. Bu addım Tramp administrasiyasının xarici yardım proqramlarını öz xarici siyasət hədəfləri ilə uyğunlaşdırmaq təşəbbüsü çərçivəsində atılıb. “CBS News”a müsahibəsində Nümayəndələr Palatasının Xarici Əlaqələr Komitəsinin sədri Brayan Mast USAID-in ayrıca bir qurum olaraq ləğvini və onun Dövlət Departamentinin tərkibinə daxil edilməsini dəstəkləyəcəyini bildirib. Senatda təmsil olunan Demokratlar Rubioya məktub göndərərək Tramp administrasiyasının bu təşkilatı hədəf alan addımları ilə bağlı dərin narahatlıqlarını ifadə ediblər: “USAID-in Dövlət Departamentinə birləşdirilməsi və ya daxil edilməsi cəhdləri, qanuna əsasən, Konqres tərəfindən əvvəlcədən müzakirə olunmalı, nəzərdən keçirilməli və təsdiqlənməlidir”. USAID-də islahatlara ehtiyac olduğu təəssüratı yaradan dövlət katibindən fərqli olaraq, dövlət sistemində xərclərin azaldılmasına cavabdeh olan Trampın tərəfdarı olan milyarder İlon Mask daha sərt mövqe tutur. Maskın adı daha çox etiraza çıxan Demokratların dilindədir. Demokrat konqresmenlər məhkəmələrdən tutmuş Konqresə qədər bütün tribunalarda bütün vasitələrlə agentliyi qorumaq üçün mübarizə aparacaqlarını bəyan edirlər. İndiyədək 10 000 əməkdaşı olan USAID ümumi qlobal humanitar yardımın 42 faizini təmin edib. Amma burada böyük korrupsiyanın olduğu da üzə çıxıb. Ağ Evin sözçüsü Karoline Levitt cibindən USAİD-in proqramlarının təfərrüatlarını əks etdirən kağız çıxarararq bunu mediaya bir daha təsdiqləyib: “İrlandiyada müxtəlifliyə həsr olunmuş konsert üçün 70,000, Kolumbiyada transseksual opera üçün 47,000, Peruda transseksual satirik kitab üçün 32,000 dollar xərclənib. Mən şəxsən bir vergi ödəyicisi olaraq bu zibillərə pul xərcləmək istəmirəm”.
Samirə SƏFƏROVA