Aktual.az xəbər verir ki, layihə "Alternativ” Kommunikasiya və Tədqiqatlar İctimai Birliyi tərəfindən "Azercell”in sponsorluğu ilə "Həyatı daha dolğun edirik: qadınlara dəstək proqramı” çərçivəsində icra edilib.
Layihə rəhbəri Jalə Quliyeva bildirib ki, "FarmHER" kənd qadınlarını aqrobiznes bilikləri ilə təmin etməklə onların gəlirlərini və ümumi rifahını artırmağa töhfə vermək məqsədi daşıyıb. Əsas diqqət qadın fermerlərin istehsal etdiyi məhsulları bazara çıxarmaq, maliyyə idarəçiliyi, innovasiyalar və sahibkarlıq strategiyaları üzrə bacarıqlarının artırılmasına yönəlib.
Layihə çərçivəsində qadınlara beynəlxalq təcrübəli təlimçi Ağaməhəmməd Alosmanov tərəfindən "Qadın qruplarının aqrobiznesə cəlb olunması”, "Fermer təsərrüfatlarında gəlirlərin artırılması”, "Bazar araşdırmaları və əlavə dəyər yaradan məhsulların istehsalı”, "Aqrobiznesdə koordinasiya və kommunikasiya” və "Aqrobiznesdə yeni texnologiyaların tətbiqi” mövzularında təlimlər keçirilib, infosessiyalar təşkil olunub. Həmçinin heyvandarlıq və bağçılıq təsərrüfatlarında olan qadınlar praktiki biliklərlə təmin edilib, onlara innovativ metodlar haqqında geniş məlumat verilib.
Təlim iştirakçıları kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən tanınmış qadın sahibkarlarla da görüşüb, onların uğur hekayələri ilə tanış olublar.
Layihənin yekun tədbirində çıxış edən natiqlər bildirib ki, "FarmHER” aqrobiznes sahəsində qadınların bacarıqlarını artırmaqla yanaşı, kənd təsərrüfatı sənayesində iqtisadi artımın və gender bərabərliyinin təşviqi baxımından xüsusi əhəmiyyət daşıyıb. Layihənin sonunda iştirakçılara əldə etdikləri yeni bilik və bacarıqları təsdiqləyən Sertifikatlar verilib.