AZ

USAİD-in Əfqanıstanda narkotik plantasiyaları bu gün də var(?)...

Image

Xəyal Bəşirov: “USAİD-in belə bir fəaliyyətlə məşğul olduğu sübuta yetirilərsə...”

ABŞ Beynəlxalq İnkişaf Agentliyinin (USAİD) qeyri-şəffaf fəaliyyəti Tramp hökümətinin diqqətindən yayınmayıb və bu təşkilatda araşdırma başlanılıb. USAİD təkcə müxtəlif bölgələrdə müstəqil xarici siyasət yürüdən dövlətlərin daxili işlərinə qarışmayıb və dünyanın müxtəlif ölkələrində media və QHT-ləri ələ almayıb, o həmçinin cinayətlərə də bulaşıb.  

Məlum olub ki, USAİD Əfqanıstanda heroinin yetişdirilməsinə maliyyə dəstəyi verir. Belə fikirlər var ki, Samanta Pauerin rəhbərlik etdiyi bu təşkilatın Əfqanıstanda narkotik plantasiyaları da mövcud olub. Hətta əsaslı şübhələr var ki, indi də bu plantasiyalar mövcuddur. 

USAİD-in Əfqanıstanda narkotik istehsalını maliyyələşdirməsi nə qədər həqiqi ola bilər?

“Əfqanıstanda narkotik istehsalının, narkotik ticarətinin genişləndiyini nəzərə alsaq, təbii ki, üst-üstə düşən məqamlar var”

Siyasi və Hüquqi Araşdırmalar Mərkəzinin rəhbəri Xəyal Bəşirov bu məsələ ilə bağlı “Bakı-Xəbər”ə şərhində bildirdi ki, USAİD-in qaranlıq fəaliyyəti ilə bağlı bir sıra məlumatlar yayılır. “Xüsusən də indiki məqamda Tramp adminstrasiyasının USAİD-in ləğv edilməsinə yönəlik addımları ortadadır. Ümumiyyətlə, USAİD-in adının ABŞ-la əlaqədar olduğu və  onun adı ilə bağlı xoşagəlməz, qanuna və hüquqa zidd məlumatların olması səbəbindən ABŞ bu təşkilatdan imtina etmək niyyətindədir. 

USAİD-in Əfqanıstanda narkotik istehsalını maliyyələşdirməsi ilə bağlı məsələ çox ciddi bir ittihamdır. Hesab edirəm ki, bu ittiham təkcə USAİD-in adına yazılmayacaq, həm də ümumilikdə ABŞ-ın, ona son dörd ildə rəhbərlik edən Demokratlar partiyasının adına yazılacaq. Çünki 11 sentyabr hadisələrindən (11 sentyabr 2001-ci il) sonra ABŞ Əfqanıstana ordu yeritdi və 2021-cu ilə qədər ABŞ-ın ordusu orda idi. Ordan 2021-ci ildə biabırçı vəziyyətdə çıxmaq məcburiyyətində qaldılar. Amma 2021-ci ilə qədər ABŞ Əfqanıstanda, demək olar ki, bütün proseslərə nəzarət edirdi. Bu amili və Əfqanıstanda narkotik istehsalının, narkotik ticarətinin genişləndiyini nəzərə alsaq, təbii ki, üst-üstə düşən məqamlar var. Şübhəsiz, bu isbat olunmalıdır. Amma on mindən  artıq əməkdaşı olan və dünyanın müxtəlif bölgələrində fəaliyyət göstərən bu agentliyinin fəaliyyətinin əsassız olaraq ittiham edilməsi özü-özlüyündə də real görünmür. Demək əsaslar var ki, bu proses başladılıb.  Ona görə də düşünürəm ki, bu ciddi ittihamdır və USAİD-in belə bir fəaliyyətlə məşğul olduğu sübuta yetirilərsə həm o qurumun, həm də Amerika dövlətinin adına çox ciddi bir ləkə olacaq”.

X.Bəşirov qeyd etdi ki, USAİD-in 1961-ci ildə yaradılmasında məqsəd qlobal səviyyədə proseslərə, xüsusilə də iqlim məsələlərinə, sosial-iqtisadi inkişafa, qəzalardan sonra bərpaya, dövlətlərarası münasibətlərə dəstək vermək olub. O, bildirdi ki, ilk yarananda yalnız və yalnız müsbət məqamlara yönəlik fəaliyyət nəzərdə tutulub, amma indi bu qurumun bütün bunlara zidd fəaliyyəti üzə çıxıb. “USAİD-in məqsədlərində narkotik istehsalı və yaxud narkoticarətlə bağlı bir məqam olmayıb. Eyni zamanda narkotik istehsalının və narkotik ticarətinin cinayət olduğunu nəzərə alsaq, USAİD-in belə bir işi maliyyələşdirməsi və onunla məşğul olması, təbii ki, ümumilikdə ABŞ-ın xarici siyasətində çox ciddi problemlərin yaranmasına gətirib çıxaracaq. Bu, təbii ki, beynəlxalq ictimaiyyət tərəfindən ciddi şəkildə ən azından qınanılacaq” - deyə X.Bəşirov bildirdi.

İradə SARIYEVA





Seçilən
16
1
baki-xeber.com

2Mənbələr