AZ

Nikol Paşinyan ABŞ-da nə gəzir və Tramp administrasiyasından nə umur?- Millət vəkili Pərvanə Vəliyeva ilə analitik müsahibə

Aznews.az analitik-informasiya portalının Ermənistanın baş naziri Nikol Paşinyanın ABŞ səfəri ilə bağlı suallarını Milli Məclisin deputatı Pərvanə Vəliyeva cavablandırır.

- Xanım Vəliyeva, Tramp administrasiyasının erməni-amerikan strateji tərəfdaşlığına yanaşmasını necə təsəvvür edirsiniz?

- Cozef Baydenin yanvarın 20-də səlahiyyət müddəti başa çatan administrasiyası bir neçə gün öncə Ermənistan ilə strateji tərəfdaşlıq sazişi imzalamışdı. Bayden Administrasiyası 4 il ərzində Azərbaycanın milli maraqlarına toxunan bir sıra addımlar atıb. Ermənistan isə açıq şəkildə dəstəklənib. Bu sazişə də bu konteksdə baxılmalıdır. Tramp dövründə iqtisadi tərəfdaşlıq coğrafi cəhətdən uzaqlığa görə real görünmür. Nəzərə almaq lazımdır ki, Ermənistanın əsas ticarət tərəfdaşı Rusiyadır və Ermənistan kənd təsərrüfatı məhsulları Rusiya bazarlarına ixrac olunur. Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyasında hərbi yardım barədə öhdəlik yoxdur. Lakin bununla belə, hərbi və müdafiə sahəsində əməkdaşlıq müddəası da sazişdə yer alır.

- Sizcə, Ermənistan hökuməti Tramp administrasiyasının xarici siyasətində hansı əsas istiqamətləri nəzərə almağa çalışır?

- Trampın əvvəlki hakimiyyəti dövründə olduğu kimi, öz ölkəsinin milli maraqlarını, iqtisadiyyatını, öz vətəndaşlarının rifahını ön plana çəkən siyasi kurs yeritdiyini görürük. Bu xüsusda Trampın dövründə ABŞ administrasiyasının regionumuzun məsələlərinə aşırı müdaxiləsini proqnozlaşdırmıram. Ermənistan da bunu nəzərə almalı, bölgədə yeni gərginlik yaratmamalıdır.

- Tramp administrasiyasının Ermənistan və Azərbaycan arasında sülh müqaviləsi üzrə mövqeyi necə olacaq?

- Bu kontekstdə Azərbaycanla bağlı Ermənistan tərəfindən şişirdilmiş gözləntilərin aradan qalxacağına ümid edirəm. Sülh prosesinə isə ABŞ-ın müdaxiləsini proqnozlaşdırmıram. Tramp hələ ki, öz ölkəsinin 4 il ərzində iqtisadi geriləməsinin nəticələrini aradan qaldırmaq, ölkənin maksimum həddə çatan xarici borcunu azaltmaq və ölkə gəlirlərini artırmağın potensial həll yollarını tapmağa və tətbiq etməyə çalışır.

- Ermənistan hökuməti ABŞ-ı Azərbaycana təzyiq göstərməyə inandırmaq üçün hansı arqumentlərdən istifadə edə bilər?

- Zənnimcə, Paşinyanın Tramp administrasiyasından gözləntiləri və ümidləri tezliklə boşa çıxacaq. Üçüncü tərəfləri regiona gətirməklə Ermənistanın Sülh Sazişində maraqlı olmadığını və qeyri-səmimi olduğunu bir daha görürük. Ermənistan uzun illər milli təhlukesizliyinin qaranti kimi Rusiyani görürdü, indi de ABŞ-ı görür. Yəni özünə deyil, kənara istinad edir. Azərbaycanın isə milli təhlükəsizliyinin qarantı özüdür.

Seçilən
51
aznews.az

1Mənbələr