“Azərbaycanla sülh müqaviləsi danışıqlarında razılaşdırılmayan iki bənddən biri Ermənistan və Azərbaycan sərhədində üçüncü qüvvələrin yerləşdirilməsi ilə bağlıdır”. Bunu Ermənistanın baş naziri Nikol Paşinyan ABŞ-dakı Atlantik Şurada çıxışından sonra Atlantik Şurasının Avrasiya Mərkəzinin baş direktoru, səfir Con Herbstlə müsahibəsində deyib:
“Azərbaycan Avropanın mülki müşahidə missiyasına istinad edərək, sərhəddə üçüncü tərəf qüvvələrinin yerləşdirilməsinə qadağa tətbiq etməyi təklif edir. Biz Azərbaycanın bu istəyini nəzərə alırıq və öz təklifimizi irəli sürmüşük ki, bu da həmin bəndin yalnız sərhədin demarkasiya olunmuş hissələrində tətbiqini nəzərdə tutur. Yəni, əgər biz bu ərazini demarkasiya etmişiksə, bu, o deməkdir ki, orada üçüncü tərəf qüvvəsi olmamalıdır. Beləliklə, biz öz təklifimizi yazılı şəkildə təqdim etmişik və Azərbaycanın cavabını gözləyirik”.
Paşinyanın sözlərinə görə, digər məqam hüquqi instansiyalarda bir-birinin ünvanına edilən şikayətlərlə bağlıdır: “İdeya budur ki, bütün bu şikayətlər geri götürülsün. Ümumiyyətlə, biz də bu fikrin əleyhinə deyilik, amma təklifimiz ondan ibarətdir ki, təkcə bu şikayətləri ləğv etmək yox, ikitərəfli münasibətlərdən bu məsələləri çıxaraq. Əks halda, qəribə vəziyyət yarana bilər ki, məsələn, hansısa məsələ beynəlxalq struktur prosesindən çıxarılsa da, tərəflərdən biri bu məsələni ikitərəfli münasibətlər masasına gətirə bilər. Bu da gərginliyin artmasına səbəb ola bilər. Biz təklif edirik ki, münaqişə ilə bağlı müzakirələrə son qoyulsun və yeni, təmiz səhifədən başlayaraq, ikitərəfli münasibətlərdə yeni dövr açılsın. Əgər fikir vermisinizsə, bu o deməkdir ki, sülh müqaviləsi layihəsinin bütün vacib məsələləri artıq razılaşdırılıb. Bu layihədə çox dərin və həssas mövzular var idi, lakin bütün bu məsələlərdə artıq razılıq var. Məsələn, Ermənistan və Azərbaycan Sovet Ermənistanı ilə Sovet Azərbaycanı arasındakı sərhədlərə əsaslanaraq bir-birinin ərazi bütövlüyünü tanımağa razılaşıblar. Biz razılaşdıq ki, sülh müqaviləsi layihəsində Ermənistan və Azərbaycanın bir-birinə qarşı ərazi iddiası yoxdur və ölkələr gələcəkdə belə iddialarla çıxış etməyəcəklər. Bu, əslində gələcək sülhün təməl daşıdır. Mən bunu niyə deyirəm, çünki bu, açıq şəkildə göstərir ki, sülh müqaviləsi layihəsini başa çatdırmaq, imzalamaq və davamlı sülhə nail olmaq mümkündür”. Paşinyanın dedikləri bu ölkənin Azərbaycanın sülh müqaviləsi üçün son şərtlərini də qəbul etmək üzrə olduğunu göstərir. Düzdür, Avropa İttifaqının (Aİ) Ermənistandakı müşahidə missiyasının Azərbaycanla şərti sərhəddə avantürist addımları davam edir. Qeyd edək ki, Azərbaycan tərəfi missiyanın fəaliyyətini diqqətlə izləyir. Rəsmi Bakı bu missiya ilə bağlı dəfələrlə narazılığını bildirib, onun Azərbaycanla razılaşdırılmadan fəaliyyət göstərdiyini bəyan edib. Amma sərhədlərin müəyyən edilməsi ilə bu missiyanın artıq fəaliyyətinə ehtiyac qalmadığını Paşinyan da etiraf edir. Xatırladaq ki, Avropa İttifaqı Şurası “sülh və sabitliyi təmin etmək” məqsədi ilə Ermənistandakı monitorinq missiyasının müddətini iki il müddətinə uzatmaq qərarına gəlib. Avropalı müşahidəçilər 2027-ci ilin fevral ayının sonuna kimi respublikada qalacaqlar. Onu da qeyd edək ki, Avropa İttifaqı missiyanın fəaliyyəti üçün 44 milyon avrodan çox vəsait ayırıb.
Xatırladaq ki, Ermənistan tərəfinin təxribatı ilə Azərbaycanla şərti sərhəddə vəziyyətin gərginləşməsindən sonra 2022-ci ilin payızında İrəvanın müraciəti sayəsində Avropa İttifaqı Ermənistan-Azərbaycan nizamlanmasındakı statusunu danışıqlar platformasından de-yure sülhməramlı statusuna keyfiyyətcə dəyişə bildi. Həmin il oktyabrın əvvəlində Praqada Avropa Siyasi Birliyinin birinci sammitində Azərbaycan prezidenti İlham Əliyev, Ermənistanın baş naziri Nikol Paşinyan, Fransa prezidenti Emmanuel Makron və Avropa Şurasının prezidenti Şarl Mişelin iştirakı ilə danışıqlar aparılıb. Tərəflər iki ay müddətinə Ermənistanla sərhəd bölgələrində avropalı mülki müşahidəçilərin olması barədə razılığa gəliblər. 2022-ci il oktyabrın 17-də Avropa Şurası Ermənistanın Azərbaycanla şərti sərhədində vəziyyətin monitorinqi üçün 40 müşahidəçinin göndərilməsi barədə qərarı təsdiqləyib. Missiyanın tərkibinə Gürcüstandakı monitorinq qrupunun üzvləri daxil idi. 2022-ci ilin sonunda Avropa İttifaqı İrəvanın dəstəyi ilə qısamüddətli monitorinq qrupunu uzunmüddətli missiyaya çevirmək planlarını açıqladı. Tezliklə məlum oldu ki, Aİ missionerləri iki il ərzində Ermənistanda olacaqlar. Aİ-nin uzunmüddətli missiyası 20 fevral 2023-cü ildə Ermənistanda fəaliyyətə başlayıb. Avropalı müşahidəçilər qrupuna birinci mərhələdə Avropanın hüquq-mühafizə strukturlarında iş təcrübəsi olan 100-ə yaxın şəxs daxil idi. Müşahidəçilər öz funksiyalarını silahsız yerinə yetirirlər, lakini uzunmüddətli qrupa Ermənistanın bütün ərazisində hərəkət etmək imkanı verilib ki, bu da onu yalnız Azərbaycanla sərhəddə müşahidə aparan qısamüddətli missiyadan fərqləndirir. 2023-cü ilin sonunda Avropa İttifaqı Ermənistana əlavə müşahidəçilər göndərmək qərarına gəlib, missiya iştirakçılarının sayı 200 nəfəri keçib. Ermənistan qanunvericilik səviyyəsində missiyanın xüsusi statusunu təsbit edib, respublika parlamenti isə iştirakçılara xüsusi hüquqlar verib. Məsələn, müşahidəçilərə həbs toxunulmazlığı verilib. Müşahidəçilər missiyasının Ermənistanda 6 bazası var. Qeyd etmək lazımdır ki, bazalar Azərbaycanla sərhəddə deyil, Ermənistan ərazisinə səpələnib. Aİ missiyasının rəsmi olaraq bəyan edilmiş məqsədləri bunlardır: Ermənistanın sərhədyanı rayonlarında vəziyyətin sabitləşdirilməsi, insanların etimadı və təhlükəsizliyinin gücləndirilməsi, İrəvanla Bakı arasında münasibətlərin normallaşmasına şərait yaradılması. Cənubi Qafqazdakı proseslərin iştirakçıları missiyanın məqsədlərini fərqli şərh edirlər. Ermənistan Brüsselin təklif etdiyi təhlükəsizlik rəvayətlərini bölüşsə də, Azərbaycan və Rusiya Aİ müşahidəçi qrupunun regionda uzunmüddətli mövcudluğunun məqsədlərini fərqli prizmadan görürlər. Bakı Avropa müşahidəçilərinin sərhəddə qısamüddətli missiyasının əleyhinə deyildi. Praqada keçirilən görüşdə Azərbaycan lideri İlham Əliyev bu təşəbbüsü Avropa tərəfi ilə razılaşdırıb, çünki müzakirə avropalı müşahidəçilərin sərhəddə olması üçün cəmi iki ay müddətindən ibarət olub. Güman edilirdi ki, bu müddət ərzində Aİ Ermənistan-Azərbaycan sərhədlərində vəziyyətin sabitliyini təmin edə biləcək və Ermənistanı tərk edəcək. Söhbət 2023-cü ilin əvvəlində avropalı müşahidəçilərin iki illik müddətinə və Avropadakı mövcudluğu deddikdə, Bakı birinci müşahidəçi qrupunun işinin müsbət nəticələrinin olmamasından narahatlığını bildirib. Daha sonra Bakı Avropa missiyasının mövcudluğunu məhdudlaşdırmağa çağırıb, çünki avropalı müşahidəçilərin sayının artması əlavə gərginlik faktoru olmaqla, sülh yolu ilə nizamlanma məsələsində nəzərəçarpacaq nəticə vermədi. Azərbaycan üçüncü dövlətlərin iştirakı olmadan sərhədin delimitasiyası və Ermənistan-Azərbaycan sərhədlərinə hər hansı xarici qüvvələrin yerləşdirilməsini qadağan edən bəndin sülh müqaviləsinə daxil edilməsində israrlıdır. Rusiya lap əvvəldən Azərbaycanın Avropa missiyasının Ermənistanda olması ilə bağlı narahatlığını bölüşürdü. Moskvanın mövqeyinə görə, Aİ missiyası regionda sabitliyi pozmağa və sülh prosesinə müdaxilə etməyə cəhd göstərən sırf geosiyasi təşəbbüsdür. Moskva həmçinin missiyanın fəaliyyətində şəffaflığın və Avropa nümayəndələri ilə Cənubi Qafqazda müharibədən sonrakı proseslərin tərəfləri arasında dialoqun olmamasına diqqət çəkib. Rusiya Xarici İşlər Nazirliyinin rəhbərinin müavini Mixail Qaluzin bildirib: “Missiyanın Aİ-nin hibrid müharibəsinin aləti olması faktı onun məxfiliyini, istər Ermənistan, istər Azərbaycan, istərsə də digər maraqlı dövlətlər və strukturlar tərəfindən hesabatlılıq və nəzarətin olmadığını təsdiqləyir”.
Nahid SALAYEV