AZ

Paşinyan Türkiyə ilə anlaşır? - Maraqlı açıqlama

Ermənistanın Baş naziri Nikol Paşinyanın son açıqlamaları yenidən diqqət çəkib. Belə ki, o, çıxışı zamanı Ermənistan və Türkiyə arasında aktiv dialoqun aparıldığını bildirib.

“Türkiyə ilə dialoqu davam etdirəcəyik və davam etdiririk. Düşünürəm ki, Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar. Əslində Türkiyə ilə ünsiyyət üçün heç bir maneə yoxdur və biz davamlı təmasdayıq. Tezliklə nəticə əldə olunacaq”- Paşinyan vurğulayıb.

Ümumiyyətlə, Türkiyənin təmaslarla bağlı mövqeyi bəllidir.

Bununla belə, Paşinyanın sözügedən açıqlaması tezliklə Azərbaycanla sülh müqaviləsinin imzalanacağının göstəricisi kimi qiymətləndirilə bilərmi?

Globalinfo.az-a danışan siyasi şərhçi Anar İsayev xatırladıb ki, 2020-ci il 44 günlük Vətən müharibəsindən sonra Ermənistan kapitulyasiyaya vadar edildi. Ardınca isə sülh müqaviləsinin imzalanması prosesinə start verildi:

“Hələ də Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanmamasının müəyyən səbəbləri var. Ermənistan Azərbaycanın haqlı tələblərini yerinə yetirməkdən, eləcə də 10 noyabr bəyannaməsi ilə üzərinə götürdüyü öhdəlikləri icra etməkdən boyun qaçırır. Bu da öz növbəsində sülh müqaviləsinin imzalanması prosesini ləngidir. Təxminən 17 bənddən ibarət şərtlərdən 15-i razılaşdırılmış, bir-iki bənd müzakirə səviyyəsində qalmışdı. Bunların arasında konstitusiya dəyişikliyi və ATƏT-in Minsk qrupunun fəaliyyətinin dayandırılması var. İkinci şərt üzrə artıq Ermənistan da çıxış etməyə başlayıb. Konstitusiya dəyişikliyi məsələsinin də 2027-ci ilin sonlarına qədər həllini tapacağı gözləniləndir. Sülh müqaviləsinin imzalanmamasına təsir göstərən başqa nüanslar da var. Mövcud Ermənistan hakimiyyətinə müxalif qüvvələrin, xaricdən olan təsirlər və s. buna nümunədir. Cənubi Qafqazda 2020-ci ildən sonra geosiyasi mənzərə, güc balansı tamamilə dəyişib. Bu bölgə bütün dünya ölkələrinin, böyük güclərin diqqət mərkəzinə çevrilib. 2020-ci ilə qədər Cənubi Qafqazda güc hegemonluğu Rusiyada idisə, bu gün qardaş Türkiyənin əlindədir. Bunu Ermənistanın hazırkı hakimiyyəti də görür”.

Anar İsayevin sözlərinə görə, Nikol Paşinyan Türkiyə ilə dialoqu davam etdirməkdə çox maraqlıdır:

“”Ermənistan və Türkiyə heç vaxt indiki kimi aktiv dialoqda olmayıblar” fikri, ünsiyyətin, kommunikasiyaların bərpası istiqamətində edilən çıxışlar ondan xəbər verir ki, Ermənistan hakimiyyəti Azərbaycanla sülh müqaviləsinin imzalanmasının tərəfdarıdır. Məlum olduğu kimi Ermənistan Baş naziri bu yaxınlarda ABŞ-da işgüzar səfərə getdi. Bu səfər çərçivəsində Respublikaçılar partiyasının nümayəndələri, konqresmenlər ilə görüşlər keçirdi. İki ölkə arasında strateji tərəfdaşlığın inkişaf perspektivləri, Ermənistan-Azərbaycan sülh məsələsi, regional kommunikasiya marşrutlarının açılması və s. kimi mövzular müzakirə edildi. O, həmçinin Ermənistanın sülh gündəliyinə sadiq olduğunu da diqqətə çatdırdı.

ABŞ NATO-da Türkiyənin tərəfdaşlarından biridir. Bölgədə onun ən yaxın müttəfiqi də məhz rəsmi Ankaradır. Paşinyanın həm ABŞ, həm də Türkiyə ilə yaxınlaşması Cənubi Qafqazda güc balansının kimlərin əlində olduğunun göstəricisidir. Paşinyan ABŞ-da yerli erməni icmasının nümayəndələri ilə görüşündə qondarma erməni soyqırımını aventüra olduğunu bildirdi. “İstəyirlər ki, biz həmişə idarə oluna bilək” deyən Paşinyan görünür, mövcud reallığın fərqindədir. O, Türkiyə və Ermənistan münasibətlərinin pozulmasının əsas səbəbinin Rusiya olduğunu diqqətə çatdırır. Yaxın perspektivdə Azərbaycan və Ermənistan arasında sülh müqaviləsinin imzalanması isə gözləniləndir”


Telegram kanalımız
Seçilən
5
1
yenisabah.az

2Mənbələr