AZ

"Google"un 75 milyard dollarlıq investisiyası

"Google"un ana şirkəti "Alphabet" 2025-ci ildə təxminən 75 milyard $ sərmayə yatırmağı planlaşdırır. 

Valyuta.Az "The Verge"yə istinadla xəbər verir ki, bu barədə şirkətin baş icraçı direktoru Sundar Pichay, "Alphabet"in 2024-cü ilin IV rübünə dair maliyyə hesabatında bildirib.  

Son vaxtlar iri texnologiya şirkətləri süni intellekt sahəsində ambisiyalarını dəstəkləyəcək infrastruktur qurmaq üçün böyük vəsait ayırır. "Alphabet"in bu açıqlaması da həmin tendensiya ilə əlaqələndirilir. Müqayisə üçün qeyd edək ki, şirkət 2023-cü ildə əsas vəsaitlərə 32,3 milyard $ xərcləmişdi. Bu isə 2025-ci ildə nəzərdə tutulan xərclərin kəskin artacağını göstərir. Şirkət açıqlamasında bu vəsaitin tam olaraq süni intellekt üçün nəzərdə tutulduğunu açıq şəkildə qeyd etməsə də, hazırda bu sahəyə böyük maliyyə axınının olması, xərclərin əhəmiyyətli hissəsinin "Google"un süni intellekt layihələrinə yönəldiləcəyini ehtimal etməyə əsas verir.  

Süni intellekt "Google"un biznesinə də ciddi töhfə verir. Şirkətin ümumi gəliri ildə 12% artaraq 96,5 milyard $-a yüksəlib. "Google Cloud" xidmətinin gəliri isə 10% artaraq 12 milyard $-a çatıb. Şirkət bu artımı əsasən "Google Cloud Platform" (GCP) məhsulları, süni intellekt infrastrukturu və generativ süni intellekt həlləri ilə izah edir.  

İnvestorlarla bugünkü görüşdə Sundar Pichay "Gemini" süni intellekt köməkçisində yeni reklam konseptləri üzərində işlədiklərini açıqlayıb. O, həmçinin 2025-ci il ərzində "Google Axtarış" sistemində yeni istifadəçi təcrübələrinin təqdim ediləcəyini bildirib.  

"Alphabet" IV rübdə süni intellekt sahəsində bir sıra yeniliklər elan edib. Bunlara "Gemini 2.0" modeli, "Chrome" brauzerində tapşırıqları yerinə yetirə bilən "Project Mariner" süni intellekt agenti və internetdə tədqiqat aparmağa imkan verən "Deep Research" aləti daxildir. Şirkət, həmçinin yeni "Android XR" qarışıq reallıq əməliyyat sistemini təqdim edib.  

Bundan başqa, "Alphabet"ə məxsus avtonom idarəetmə texnologiyası şirkəti "Waymo" üçün 2024-cü il uğurlu keçsə də, son hesabatda "Other Bets" (digər yatırımlar) bölməsinin gəlirinin azaldığı və zərərinin artdığı bildirilir.  

Qeyd edək ki, IV rübdə ABŞ Ədliyyə Nazirliyi "Google"un bazar inhisarçılığına dair məhkəmə qərarına əsasən "Chrome" brauzerini satışa çıxarmağı təklif edib. Hakim Amit Mehtanın 2023-cü ilin avqustunda verdiyi qərara uyğun olaraq tətbiq ediləcək tədbirlər, "Google" və "Alphabet"in gələcəyinə ciddi təsir göstərə bilər.  

Rəhim

Seçilən
78
7
valyuta.az

8Mənbələr