AZ

Gürcüstan parlamenti 49 deputatın mandatını ləğv edib

Gürcüstan parlamentinin fevralın 5-də keçirilən iclasında müxalifətdən olan 49 deputatın mandatına xitam verilib.

AZƏRTAC xəbər verir ki, mandatlarına xitam verilən deputatlar “Birlik – Milli Hərəkat”, “Dəyişiklik Koalisiyası” və “Güclü Gürcüstan” partiyalarının nümayəndələridir.

Parlamentin sədri Şalva Papuaşvili bildirib ki, müxalif deputatlar ötən ilin noyabrında mandatlarına xitam verilməsi ilə bağlı şəxsi qaydada müraciət ediblər.

Parlamentdə müxalif partiyalardan yalnız sabiq Baş nazir Giorgi Qaxariyanın “Gürcüstan naminə” partiyasının 12 mandatı qalıb. Bununla da 150 yerlik Gürcüstan parlamentində yalnız 101 deputat qalıb.

Qeyd edək ki, ötən il oktyabrın 26-da keçirilən seçkilərin nəticələrini tanımadığını bəyan edən müxalifət koalisiyaları parlamenti legitim hesab etmədiklərini bildiriblər.

Seçilən
8
3
yeniazerbaycan.com

4Mənbələr